Hüquqlarınızı bilin


Baxıldı : 48

Tarix : 2017-09-29 23:48:44


Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları doğum, nikah və ya ölüm haqqında qeydiyyat üçün haraya müraciət etməlidirlər? Bunlar etibarnamə ilə aparıla bilərmi?

 

Hacı QƏNBƏROV,

Şirvan şəhəri.

-Nazirlər Kabineti tərəfindən 2003-cü il 31 oktyabr tarixli "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında" qərar qəbul edilmişdir. Bu Qərar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır.

Adıçəkilən normativ-hüquqi akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayon icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən etməklə bərabər, bu qeydiyyatların Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən də aparılması qaydalarını müəyyənləşdirmişdir. Qaydaların 1.2. bəndində deyilir ki, AR-ın hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan AR vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır.

Konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, müvafiq qeydləri dəyişir, tamamlayır və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə verir.

Bu qeydlər bir qayda olaraq konsulluq idarəsinin yerləşdiyi binada aparılır, lakin maraqlı şəxslərin istəyi ilə bu, binadan kənarda da aparıla bilər. Belə halda əlavə xərclər həmin şəxslərin öz hesabına ödənilir. Qeydiyyatın binadan kənarda aparılmasından imtina edildikdə həmin xərclər geri qaytarılır.

Konsulluq idarələri tərəfindən qeydiyyat qeyd olunmalı faktlar, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də dövlət qeydiyyatının aparılması üçün lazım olan digər sənədlər təqdim edildikdən sonra aparılır.

Nikahın dövlət qeydiyyatı istisna edilməklə, qalan qeydlər etibarnamə ilə də aparıla bilər.

 

Hansı hallarda yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtina edilə bilər.

 

Natiq SƏMƏDOV,

Bakı şəhəri.

 

- Yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtina edilməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 8-ci maddəsində qeyd olunub. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydə alınmasından 4 halda imtina edə bilərlər:

1. Adıçəkilən Qanunun 5-ci maddəsində qeyd olunan sənədləri - vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün lazım olan sənədləri - şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, eləcə də yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədikdə;

2. Adıçəkilən Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda, yəni sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma məhdudlaşdırıla bilər;

3. Şəxsin qeydiyyata alınacağı halda (Mülki Məcəlləyə əsasən, ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

4. Şəxsin qeydiyyata düşmək istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 8-ci maddəsində qeyd olunan bu hallardan başqa, heç bir halda yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtina edilə bilməz.

 

Babam Böyük Vətən müharibəsi iştirakçısıdır. Lakin əlil deyil. Bilmək istəyir ki, aldığı pensiyanın üzərinə Böyük Vətən müharibəsi iştirakçısı kimi əlavə hesablanırmı və nə qədər?

 

Şəmil MƏMMƏDOV,

Sumqayıt şəhəri.

- "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsində əmək pensiyasının sığorta hissəsinə əlavələr göstərilmişdir. 19.1.8. maddəyə əsasən, Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə:

- I qrup əlillərə 154 manat məbləğində;

- II qrup əlillərə 121 manat məbləğində;

- III qrup əlillərə və əlil olmayan müharibə iştirakçılarına 99 manat məbləğində əmək pensiyalarının sığorta hissəsinə əlavə hesablanır.

Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır.

 

 

Yaxın dostum məcburi köçkündür. Buna aid vəsiqəsi də var. Lakin bu yaxınlarda doğulan uşağına bu status verilmir. Bunu yaşayış yerini dəyişməklə əlaqələndirirlər. Bu, harada qeyd olunub? "Məcburi köçkün" statusu kimlərə verilmir?

 

Həsən MƏMMƏDOV,

Balakən rayonu.

 

- "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qəbul edir.

Qeyd olunan Əsasnaməyə və digər normativ-hüquqi aktlara uyğun olaraq Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydalar" hazırlanmışdır.

Qaydaların IV hissəsində "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin kimlərə verilməsi və ya verilməməsi qeyd olunub. 4.2. hissəyə əsasən, "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:

- İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə (4.2.1.);

- Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına - 4.2.2.;

- "Məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə - 4.2.3.;

- Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə - 4.2.4.;

- Sakini olduğu rayonun işğalından sonra "məcburi köçkün" statusu olan şəxslər tərəfindən himayəyə və qəyyumluğa götürülmüş "məcburi köçkün" statusuna malik olmayan şəxslərə - 4.2.5.;

- "Məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına - 4.2.6.

Məktubunuzda yeni doğulmuş uşağa "məcburi köçkün" statusunun verilmədiyini yaşayış yerinin dəyişilməsi ilə əlaqələndirirsiniz. Görünür, dostunuz mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edib və oraya qeydiyyata düşüb. Belə olan halda doğulan uşaqlara "məcburi köçkün" statusu verilmir.

 

 

Kimlər patent müvəkkili ola bilər?

 

Şahbaz RÜSTƏMOV,

Bakı şəhəri.

 

-"Patent haqqında" qanunun 6-cı maddəsinə görə, Azərbaycan Respublikası ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan Respublikasının dövlət dilini bilən, patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.

Patent müvəkkili Azərbaycan Respublikasının ərazisində ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılmasında vəkalət verən şəxsə köməklik göstərir, ixtira, faydalı model və sənaye nümunələri üzrə hüquqların reallaşdırılmasında, lisenziya müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq icra hakimiyyəti orqanında, məhkəmədə vəkalət verənin mənafelərini müdafiə edir və səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir.

Patent müvəkkillərinin fəaliyyəti adıçəkilən Qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli müəllif ola bilməz. şəhəri.