İcbari tibbi sığortanın Xidmətlər Zərfi təsdiqlənib


Baxıldı : 207

Tarix : 2020-01-17 11:21:04


İcbari tibbi sığortanın Xidmətlər Zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı  ilə təsdiqlənib. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir. 

Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər yalnız tibbi göstəriş olduğu hallarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək. 

Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığının, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.)  məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək. 

Xidmətlər Zərfində tibbi xidmətlərin adları, tarifləri, sığorta limiti, müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi hallar,  o cümlədən tibbi xidmətlərin növündən asılı olaraq göstərilməsi şərtləri və gözləmə müddətləri öz əksini tapır.
Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri Xidmətlər Zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir.

Ambulator şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği aşağıdakı qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəsissəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Qaxda (tibbi ərazi bölməsi daxilində, lakin qeydiyyatda olduğunuz inzibati ərazidən kənarda) yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Bu zaman tibb müəssisəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş  ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 (on beş) manat  müştərək maliyyələşmə məbləği ödəməlidir. 
Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Şamaxıda (tibbi ərazi bölməsindən kənarda) yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Bu zaman  tibb müəssisəsinə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği isə aşağıdakı qaydada ödənilir:

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsi daxilində (qeydiyyatda olduğu inzibati ərazi istisna olmaqla) digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə  stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Quba rayonunda qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən  Xaçmazda (tibbi ərazi bölməsi daxilində, lakin qeydiyyatda olduğunuz inzibati ərazidən kənarda) yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edilən şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsindən kənarda,  yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat  müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Quba rayonunda qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Şamaxıda (tibbi ərazi bölməsindən kənarda) yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edilən şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət olunduqda, ailə həkiminin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində ixtisaslaşdırılmış ambulator tibbi yardım (KT, MRT xidmətləri istisna olmaqla), stasionar tibbi yardım, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir.
Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq.

Siyahı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür.  (https://cabmin.gov.az/az/document/4231/)