İclasda 25 məsələ müzakirə olunub


Baxıldı : 58

Tarix : 2018-04-07 00:08:01


Aprelin 3-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

25 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan hökuməti ilə Əfqanıstan hökuməti arasında hava əlaqəsi haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri şərh edib. Parlament hər iki sazişi təsdiqləyib.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 2005-ci il 3 may tarixli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər barədə məlumat verib. Deputatlar qanunun qəbulunu məqsədəuyğun sayıblar.

Sonra Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim edib. Millət vəkilləri qanun layihəsinə müsbət münasibət bildiriblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda zəruri dəyişiklikləri şərh edib. Müzakirələrdən sonra qanun qəbul olunub.

Gündəlikdəki növbəti dörd qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Bildirildi ki, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər 2016-cı ilin oktyabrından etibarən tətbiq olunan “Kredit büroları haqqında” Qanunla əlaqədardır. Bu dəyişikliklər banklar tərəfindən borc alanlar haqqında məlumatın Mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır. Səsvermə zamanı deputatlar qanun layihələrinin dördünə də müsbət münasibət bildiriblər.

İclasda Mülki Məcəllədə dəyişikliklərə dair daha bir qanun layihəsinə də baxılıb və qəbul olunub.

Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Valyuta tənzimi haqqına” qanunlara təklif olunan dəyişikliklər də müsbət qarşılanıb.

Parlament “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq hazırlanmış iki sənəddə - Ticarət Gəmiçiliyi Məcəlləsində və “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsini də məqsədəmüvafiq sayıb.

Sonra Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş beş məsələyə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi baxımından Şəhərsalma və Tikinti Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişikliklər barədə məlumat dinlənildikdən sonra səsə qoyulub və qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputatlara “Tibbi sığorta haqqında” Qanunun 12-ci və 16-cı maddələrində aparılan dəyişikliklər barəsində məlumat verib. Sənəd səsə qoyulub və qəbul edilib.

Deputatlar İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində, “Fərdi məlumatlar haqqında” Qanunun 13-cü, İnzibati Xətalar Məcəlləsinin 28-ci və 43-cü maddələrində edilən dəyişikliklərə də razılıq veriblər.

Sonra parlamentə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi təqdim olunub. Müzakirə zamanı qanun layihəsi məqbul sayılıb və səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasın yekununda elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda müzakirəyə çıxarılmış “Peşə təhsili haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. Qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.