İcraiyyə Komitəsinin onlayn iclası


Baxıldı : 390

Tarix : 2020-06-19 16:12:19


Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin onlayn iclası keçirilmişdir. İclasda dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri müzakirə olunmuşdur. Ölkə ərazisində infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddətinin uzadılmasını nəzərə alaraq belə tədbirlərin gücləndirilməsinə qərar verilmişdir. Bildirilmişdir ki, xüsusi karantin rejimi elan olunan ilk vaxtlardan Respublika Komitəsinə daxil olan təşkilatlarda maarifləndirmə işləri aparılmış, plakatlar vurulmuş, bütün binaların giriş-çıxış qapılarında və mərtəbələrdə dezinfeksiyaedici məhlullar qoyulmuşdur. Həmçinin əməkdaşlar qoruyucu vasitələr, tibbi maskalar və əlcəklərlə mütəmadi təmin olunmuşdur. Nazirliyin təqaüddə olan əməkdaşlarına, evdən çıxmaq imkanı olmayan, tək yaşayan yaşlı insanlara ərzaq yardımları paylanmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarların icrasına ictimai nəzarət işində fəal iştirak edilmiş, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinə və üzv təşkilatlara müvafiq tövsiyələr ünvanlanmışdır.

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yerləşən təşkilatlarda Respublika Komitəsinin baş texniki əmək müfəttişi və sosial-sığorta mütəxəssisi tərəfindən monitorinqlər keçirilmiş, sanitar-gigiyena vəziyyəti yoxlanılmışdır.

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev müzakirələri yekunlaşdıraraq hazırkı dövrdə iş yerlərində ixtisarların aparılması və işdən çıxarılma hallarına yol verilməməsinin vacibliyini xüsusi vurğulamışdır.