İctimai Şuranın üzvlərinə vəsiqələr paylandı


Baxıldı : 45

Tarix : 2019-09-27 17:53:38


Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Təhsil naziri nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir.

Görüşdə çıxış edən İctimai Şuranın üzvləri, o cümlədən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını deyiblər. Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəklərini bildiriblər.

Daha sonra Şuranın fəaliyyətinin təşkilati məsələləri müzakirə edilib.

Sonda Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.