İctimai Şuraya üzvlər seçildi


Baxıldı : 55

Tarix : 2019-09-06 19:18:45


Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Deyib ki, Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

Səsvermə nəticəsində təhsil sahəsində tanınmış ekspertlər, ictimai birliklərin rəhbərləri, eləcə də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə İctimai Şuraya üzv seçiliblər.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.