İdman spartakiadası başlayıb


Baxıldı : 64

Tarix : 2019-09-13 17:49:33


Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 Oktyabr - Dəmir Yolu İşçilərinin Peşə Bayramına həsr olunmuş  növbəti idman spartakiadası başlayıb.

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) sədri Fəzail Bağırov bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib. Bütün bu işlərdə MHİRK “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi ilə birgə fəaliyyət göstərir.

RK sədri nəzərə çatdırıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.

Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq,  peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir.

Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin  komandaları idmanın voleybol, minifutbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  yarışları izləyib və eyni zamanda “Lokomotiv” İstirahət Mərkəzində yaradılan şəraitlə tanış olub.

Dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi  davam edəcək. Gələn ay peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.