II qrup ə...


Baxıldı : 346

Tarix : 2016-04-15 04:12:00


II qrup əliləm. 2016-cı il yanvarın 19-da 63 yaşımın tamam olması ilə əlaqədar fevralın 9-da yaşa görə pensiya almağım üçün DSMF-in Xaçmaz Rayon Şöbəsinə müraciət etmişəm. Lakin mənə bildirdilər ki, sənədləri vaxtında təqdim etmədiyim üçün yaşa görə pensiya martın 1-dən hesablanacaqdır. Yaşa görə pensiya ilə əlillik pensiyası arasında fərq olduğuna görə, bu mənim üçün əhəmiyyətlidir. Bilmək istəyirəm ki, yaşa görə pensiya mənə hansı tarixdən hesablanacaqdır?Gülmirzə HÜSEYNOV,Xaçmaz rayonu.- Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə \ Əmək pensiyaları haqqında\ qanunla tənzimlənir. Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır.Bu hüquqdan istifadə edərək ərizə ilə DSMF-in Xaçmaz Rayon Şöbəsinə müraciət edərkən II qrup əlillikdən yaşa görə əmək pensiyasına keçmək üçün ərizə ilə birlikdə həmin pensiya növünə keçmək üçün sənədləri də təqdim etmisiniz. Adıçəkilən Qanunun 31.2. maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı yaşa görə əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların həmin orqanın təqdim edildiyi gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir.Siz fevralın 9-da pensiyanın növünü dəyişmək üçün müraciət etsəniz də, yaşa görə əmək pensiyasının ödənişi 2016-cı il martın 1-dən hesablanacaq. Bilmək istəyirəm ki, iki qardaş və yaxud iki bacı bir şöbədə işləyirsə, əgər onlardan biri şöbə müdiridirsə, bu, qanuna zidd sayıla bilərmi?Vahid TAĞI,Bakı şəhəri.- Qüvvədə olan əmək qanunvericiliyində yaxın qohumların birgə işləməsinə yol verilmədiyinə dair heç bir müddəa olmasa da, dövlət qulluğunda qulluq keçməsinin əsaslarını və şərtlərini müəyyən edən \ Dövlət qulluğu haqqında\ qanunda belə bir müddəa nəzərdə tutulmuşdur. Qanunun 27.2.3. maddəsində deyilir ki, bilavasitə tabeçiliyində və ya nəzarəti altında işləyəcək dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olan şəxslər dövlət qulluğuna qəbul oluna bilməz.Qanun yaxın qohumların birgə işləməsinə (bilavasitə tabeçiliyində və nəzarət altında işləmək halları) qadağa qoyarkən həmin yaxın qohumların dairəsini də müəyyən etmişdir.Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyin və şəffaflığın təmin edilməsinə yönəlmiş \ Korrupsiyaya qarşı mübarizə haqqında\ qanunun 7-ci maddəsində də yaxın qohumların birgə işləməsinə yol verilməməsindən, belə hallar baş verərsə, görüləcək tədbirlərdən danışılır.Qanuna əsasən, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər.Vəzifəli şəxslər Qanunun bu tələbini pozarsa, bu hüquqpozma aşkar edildikdən 30 gün müddətində könüllü olaraq aradan qaldırılmalıdır və ya həmin şəxs tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməlidir. Bu hallar mümkün olmadıqda isə, həmin şəxslərdən (yaxın qohumlardan) biri tutduğu vəzifədən azad olunmalıdır.Bu əsasa görə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.Elə həmin Qanunun 2-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri də qeyd olunmuşdur. Həmin Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilən şəxslər siyahısında dövlət idarə, müəssisə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də qeyd edilmişdir.Qeyd etdiyiniz iki qardaş və ya iki bacı bir şöbədə, biri digərinin bilavasitə tabeçiliyində və ya nəzarəti altında işləyirsə, yuxarıda qeyd edilən istisnalar yoxdursa, onda bu, qanuna ziddir.Əməkhaqqından gəlir vergisinin güzəştlərlə tutulmasının kimlərə şamil olunması barədə bizə məlumat verməyinizi xahiş edirik. Hansı kateqoriyadan nə qədər məbləğ çıxılmalıdır?1. I-II-III qrup əmək əlilləri2. I-II-III qrup müharibə əlilləri3. Müharibə veteranları4. Şəhid ailələri5. Qaçqın və məcburi köçkünlər6. 3 və daha çox uşağı olanlarSabirabad Mərkəzi Rayon Xəstəxanasının mühasibatlığıSuallarınızı Vergi Məcəlləsinin \ Gəlir vergisindən azadolmalar və güzəştlər\ adlanan 102-ci maddəsinin tələblərinə əsasən cavablandırırıq:1. I və II qrup əmək əlillərinin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır (maddə 102.3), (III qrup əmək əlilləri üçün bu güzəşt nəzərdə tutulmur).2. Müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (maddə 102.2.4), (bu güzəşt hər 3 qrupdan olan müharibə əlillərinə aiddir).3. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin də hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (maddə 102.2.7).4. Şəhid olmuş döyüşçülərin dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri (maddə 102.2.5) 400 manat məbləğində (bu şərtlə ki, belə şəxslərin arvadları (ərləri) təkrar nikaha girmiş olmasınlar), valideynlərinin aylıq gəliri 100 manat məbləğində (102.4.1), 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi zamanı şəhid olmuş şəxslərin valideynlərinin və arvadlarının (ərlərinin), (bu şərtlə ki, təkrar nikaha girmiş olmasınlar), aylıq gəliri isə 100 manat (102.4.2) məbləğində azaldılır.5. Məcburi köçkünlər və onlara bərabər tutulan fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən, ayrıca mənzil sahəsi əldə etmək nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir (maddə 102.4.5.).6. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır (maddə 102.5). Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.7 maddəsinə əsasən, fiziki şəxsin həmin Məcəllənin 102.2, 102.3 və 102.4 maddələrinin 2-si və ya hamısı üzrə güzəşt hüququ olduqda bu güzəştlərdən ancaq biri, məbləğcə böyük olanı verilir.Lakin əməkhaqqından tutulan vergi hesablanarkən vergi güzəştləri Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.Bütün bunlarla yanaşı, bu yaxınlarda Vergi Məcəlləsinin 102.1.6 maddəsinə olan dəyişikliyə görə, fiziki şəxslərin hər hansı muzdlu işə görə aylıq gəlirləri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli miqdarında olan hissəsi də gəlir vergisindən azaddır. Bu gün ölkə üzrə yaşayış minimumu 136 manat müəyyən edilmişdir. Bu məbləğ isə bütün işçilərə, eyni zamanda güzəşt hüququ olanlara da aiddir.Pozulmuş əmək hüquqlarımın bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək istəyirəm. Mənə deyildi ki, bunun üçün müddəti ötürmüşəm. Qanunvericilikdə belə bir müddət varmı?Nazim Ağayev,Bakı şəhəri.- Nəzərinizə çatdırırıq ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bundan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.Qeyd edək ki, iddiaçının \ yaxın qohumu\ dedikdə işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər.