II Spartakiadanın bağlanış mərasimi keçirilib


Baxıldı : 46

Tarix : 2018-11-03 04:58:11


Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin təşkilatçılığı ilə keçirilən II Spartakiadanın bağlanış tədbiri olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar ittifaqının sədrləri iştirak ediblər.

İsa Həbibbəyli AMEA əməkdaşlarının təkcə elmdə deyil, digər sahələrdə də bacarıqlarını göstərmək üçün burada yaradılan şəraitdən danışıb.

Habil Qurbanov  II Spartakiadanın təşkilində böyük kollektivin xidməti olduğunu qeyd edib. O, gələcəkdə voleybol və basketbol yarışlarının keçiriləcəyi haqqında da məlumat verib. Yarışların idarə edilməsində göstərdiyi xidmətlərə görə respublika və beynəlxalq dərəcəli hakimlərə minnətdarlığını bildirib.

AMEA AHİ Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun aparıcı elmi işçisi, Həmkarlar İttifaqı Komitəsinin və Təşkilat Komitəsinin sədri Sitarə Bağırova bildirib ki, yarışda Akademiyanın 20 institut və təşkilatı iştirak edib. Oktyabrın 1-dən 25-dək keçirilmiş II Spartakiadada 21 medal uğrunda (7 qızıl, 7 gümüş, 7 bürünc) mübarizə aparılıb.

II Spartakiadada 6 (3 qızıl, 2 gümüş, 1 bürünc) medal qazanan Fizika İnstitutu I yerə sahib olub. Neft-Kimya Prosesləri İnstitutu 3 (2 qızıl,  1 gümüş ) medalla II və Geologiya və Geofizika İnstitutu 3 (1 qızıl, 2 gümüş) medalla III yeri tutub. Komandalar AMEA AHİ Rəyasət Heyətinin qərarı ilə Fəxri diplomla təltif edilib.

Həmçinin Spartakiadanın Təşkilat sədri və üzvləri də Fəxri Fərman və pul mükafatı ilə təltif ediliblər.

Azər MUSTAFAYEV