III Uşaq Paralimpiya İdman Oyunları keçirilib


Baxıldı : 176

Tarix : 2017-12-15 21:38:58


Dekabrın 11-də Sumqayıt şəhərindəki Paralimpiya İdman Kompleksində UNICEF-in və "Azercell Telecom"un dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

Oyunlardan öncə dövlət himni səsləndirilib, əyləncəli-musiqili proqram təşkil olunub.

İdmançıların parad keçidindən sonra, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 8 regiondan sağlamlıq imkanları məhdud 111 uşaq yeddi idman növündə (boça, cüdo, üzgüçülük, qolbol, stolüstü tennis, parataekvondo və əlil arabasında idman rəqsi) 22 dəst medal uğrunda mübarizə aparıb.

"Zenit" İdman Cəmiyyətinin iki idmançısı bu idman oyunlarında fərqlənib.  Parataekvondo idman növü üzrə 33 kiloqram çəkidə Məhəmməd Ağayev birinci, 45 kiloqram çəkidə Əli İsmayılzadə ikinci yeri tutublar. Məşqçi-müəllim Ramil Həsənov  yetirmələrinin həmişə uğur qazanması və cəmiyyətdə layiqli yer tutmaları üçün səy göstərir.

Yarışın qalibləri və mükafatçılar Milli Paralimpiya Komitəsinin diplom, medal və kuboku, həmçinin "Azercell Telecom" MMC-nin qiymətli hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə Milli Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabrında komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Azər MUSTAFAYEV