İkigünlük tətilə beynəlxalq dəstək


Baxıldı : 48

Tarix : 2017-07-07 22:25:31


Serbiyanın Kragujevac şəhərində yerləşən "FİAT" Avtomobil Şirkətinə məxsus zavodun işçiləri iş yükünün həddindən artıq çox olması və əməkhaqqının azlığına qarşı tətil elan edib. 2 gün davam edən tətilə 2 min insan qoşulub. Onlar əsasən işdən çıxarılmalara son verilməsini, iş yükü və vaxtlarının yenidən tərtib olunmasını, maaşların artırılmasını, təyin olunan əlavə işə görə ödəniş edilməsini, nəqliyyat probleminin həllini şirkətdən tələb ediblər. Tətildən iki gün öncə bununla bağlı rəhbərliyə xəbərdarlıq edilsə də, razılaşma əldə olunmayıb.

Tətil İndustriALL Qlobal İttifaqına bağlı olan Serbiya Müstəqil Metal İşçiləri Həmkarlar İttifaqı və Sənaye, Enerji, Mədən İşçiləri Həmkarlar İttifaqı tərəfindən koordinasiya edilib. Şərqi Avropa ölkələrində avtomobil sənayesində istehsalın azalması sektorda maaşlara mənfi təsir göstərir. Lakin daha öncə Slovakiyada keçirilən tətildə bu yöndə müsbət nəticələr qazanılıb.

"FİAT"-ın Serbiyada yerləşən bu fabriki ən böyük avtomobil istehsalı payına sahibdir. Fabrik gün ərzində 440-a yaxın avtomobil istehsal etmək imkanına malikdir.

İndustriALL Qlobal İttifaqının baş katibi Valter Sançez tətil iştirakçılarına dəstək məktubu göndərib. Məktubda deyilir: "Biz hadisələrin tətil yoluyla həllinin tərəfdarı deyilik. Məsələnin bir an öncə həlli üçün şirkət rəhbərliyini konkret addımlar atmağa çağırırıq. "FİAT"-da çalışanlar qonşu ölkələrdə yerləşən avtomobil istehsalı şirkətlərinin işçilərindən də dəstək mesajları almaqdadır. Hətta İtaliyada məsələ ilə bağlı aksiya da keçirilməsi planlanır. Rəhbərlik etdiyim qurum da bu mübarizədə serbiyalı işçiləri dəstəkləyir".

Tətil komitəsi rəhbərliyə aşağıdakı tələbləri ünvanlayıb:

- 1 saatlıq iş 290 dinar (2-2.4 avro) hesablansın

- analıq, atalıq, yaxud sağlamlıqla əlaqədar məzuniyyətlərin tam şəkildə istifadəsinə imkan yaradılsın

- nəzərdə tutulan illik istehsal hədəflərinə nail olunduğu təqdirdə çalışanlara mükafat verilsin

- gündüz və gecə növbəsində çalışanların nəqliyyat xərclərinin şirkət tərəfindən ödənilməsi kollektiv sazişə əlavə edilsin.

Cavid SƏFƏROV