İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanıb


Baxıldı : 158

Tarix : 2018-04-13 23:57:04


 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamısından məlumatların MSK-nın İnformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib.

MSK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dır (99,68 faiz). Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölünüb:

Əliyev İlham Heydər oğlu - 3 milyon 397 min 664 səs (86,03 faiz);

Əlizadə Araz Məmməd-Mübariz oğlu - 54 min 603 səs (1,38 faiz);

Hacıyev Hafiz Ələmdar oğlu - 59 min 977 səs (1,52 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 119 min 390 səs (3,02 faiz);

Quliyev Fərəc İbrahim oğlu - 46 min 10 səs (1,17 faiz);

Məmmədov Sərdar Cəlal oğlu - 119 min 674 səs (3,03 faiz);

Nurullayev Razi Qulaməli oğlu - 29 min 282 səs (0,74 faiz);

Oruc Zahid Məhərrəm oğlu - 123 min 6 səs (3,11 faiz).

Bu, ilkin nəticələrdir. Bu gündən artıq MSK-ya dairə seçki komissiyalarının rəsmi protokolları daxil olmağa başlayıb. Bu protokollar qəbul ediləcək, sənədlər araşdırılacaq, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermənin yekun protokolu hazırlanacaq, qərar qəbul ediləcək və bütün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.

Məzahir Pənahov qeyd edib ki, səsvermə qanunauyğun keçirilib. Seçkiləri izləyən çoxlu sayda beynəlxalq və yerli müşahidəçi bütün bölgələrdə məntəqələrdə müşahidələr aparıb və nəticələri kütləvi informasiya vasitələrinə açıqlayıb. Bütün müşahidəçilərin seçki prosesi ilə bağlı fikirləri müsbətdir. Hətta kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkilərə hazırlığı və prosesin özünü nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər. Müşahidəçilər, yerli və beynəlxalq KİV-lər hansısa pozuntu faktları ilə rastlaşmadıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. Bu günlərdə artıq rəsmi protokolların qəbul olunması prosesi başa çatdırılacaq və Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri ictimaiyyətə açıqlayacaq.