İlin peşəkar gənclərinə mükafatlar təqdim olundu


Baxıldı : 179

Tarix : 2018-12-28 05:58:47


Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom və vəsiqələrin təqdimolunma mərasimi keçirilib.

 Mərasimdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib. Deyib ki, “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərimizə mükafatların təqdimedilməsi mərasimində hamınızı ürəkdən salamlayıram. Ümid edirəm ki, artıq ənənə halını almış bu tədbirimiz gələcək fəaliyyətinizə öz müsbət təsirini göstərəcəkdir.

Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə  bağlıdır.  Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərlə fikir mübadiləsinə şərait yaratmaq, onların dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətlərini asanlaşdırmaq üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə  2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib.

Eyni zamanda 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi,  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiqi, Gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər vacib tədbirlərin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoyur.

Bu gün Azərbaycan gəncləri müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, onların aparıcı  qüvvəyə  çevrilməsindən  çox  asılıdır. Məhz bu reallığı nəzərə alaraq AHİK bütün üzv təşkilatları ilə birgə, dövlətin gənclər siyasətinə uyğun olaraq, müvafiq tədbirlər həyata keçirir.   AHİK-in  “Kadr siyasəti Konsepsiyası”nda gənc mütəxəssislərə olan ehtiyacı ödəmək üçün sahə həmkarlar ittifaqı komitələri qarşısında məsuliyyətli vəzifələr qoyulmuşdur. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir, gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara cəlb edilir. Onlar Yaponiya, İtaliya, Rusiya, Litva, Türkiyə və sair ölkələrdə gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

Hazırda respublikada həmkarlar ittifaqı üzvlərinin  üçdə biri 35 yaşınadək olan gənclərdir. Belə bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdən biridir. Həmkarlar İttifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışır. Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilmişdir. Gənclərin məşğulluğu, sağlamlığı, asudə vaxtlarının təşkili və sair bu kimi məsələlər ön plana çəkilir. Müntəzəm olaraq elmi-praktiki konfranslar, seminarlar təşkil edilir.

Onu da qeyd edim ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində də həmkarlar ittifaqları təşkilatları yaxşı ənənələrə malikdir. Bu sahədə AHİK-in nəzdində respublika silahlı qüvvələrinə hamilik köməyi üzrə Mərkəzi Əlaqələndirmə Şurası səmərəli  fəaliyyət göstərib. Hazırda tərəfimizdən  C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarına xüsusi diqqət yetirilir. Əlaçılara təqaüdlər verilir, bədii qiraət, rəsm müsabiqələrinin, idman yarışlarının qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılırlar.

Eyni zamanda işləyən və təhsil alan gənclərin məşğulluğu, təhsili  və tərbiyəsi, mənəvi inkişafı sahəsində mühüm işlərin görülməsi  dayanmadan davam edir. Kompleks proqramlar, tədbirlər planı həyata keçirilir. Belə ki, əlaçı və ictimai işlərdə fərqlənən tələbələrə həmkarlar ittifaqının vəsaiti hesabına “Adlı təqaüd”, orta məktəb şagirdlərinin bir qisminə təqaüd veririk,  4 minə yaxın imkansız ailədən olan tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir. Son 5 ildə  onların yemək xərclərinə 341 min manat,  həmkarlar ittifaqı fəalı  olan əlaçı tələbələrə adlı təqaüdlərinin ödənilməsinə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat vəsait sərf olunmuşdur.

AHİK maddi imkanları aşağı olan ali məktəb tələbələrinin təhsil haqqının bir qisminin ödənilməsini öz öhdəsinə götürmüşdür.  Konfederasiya bu tələbələrin təhsil haqqının 30%-ini, bir neçə halda isə 100%-ini ödəmişdir.

Şübhəsiz ki, hər bir dövlətin gənclərə göstərdiyi münasibət həmin dövlətin gələcəyinə olan münasibətidir. Bütün bunları nəzərə alaraq gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının  artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər olunması və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasınin gücləndirilməsi məqsədilə AHİK-in İcraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər qazanmış gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul etmişdir.

      “İlin peşəkar gənci” fəxri adına layiq görülən namizədlər yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçilirlər. Namizədlikləri irəli sürulən gənclərin dövlət və hökumət tərəfindən mükafatlarla təltif olunması, müxtəlif müsabiqələrdə fəal iştirakı və s. nailiyyətləri, onların həmkarlar ittifaqının fəaliyyətində yaxından iştirakı da nəzərə alınmışdır.

Bu gün ötən ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 50 nəfər istedadlı gəncimiz  AHİK-in Fəxri Diplomu, Döş nişanı və Vəsiqəsi ilə təltif olunacaqdır. Peşə sahiblərinin 27 nəfəri kişi,  23 nəfəri isə qadın işçilərdir və hər biri, ən azı 3 il və daha çox əmək stajına malikdir. Seçilənlər peşəkar fəaliyyət dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənənlərdir.

Mən bütün qalibləri ürəkdən təbrik edir, həyatda və fəaliyyətlərində uğurlar diləyir, daha yüksək nailiyyətlərə imza atmalarını  arzulayıram.

İcazə verin “İlin peşəkar gəncləri”nə fəxri diplomları və vəsiqələri təqdim edim.

Sonra  mükafatlar təqdim olundu. Tədbirdə birinci müavin İlyas Əliyev və müavinlər Aqil Dadaşov, Əbil Ağasıyev, Cavanşir Alxasov  iştirak ediblər.

Bəyalı RZAYEV