İlin sonuna qədər inflyasiya və manatın məzənnəsinə olan basqılar artacaq


Baxıldı : 247

Tarix : 2018-06-13 23:15:35


 

Mərkəzi Bank ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edib. İri nominallı əskinasın dövriyyəyə buraxılmasının hansı müsbət və mənfi tərəfləri var?

“Nağdsız ödənişlərə keçid həm iqtisadiyyatın şəffaflığını təmin edir, həm də büdcəyə ödəmələri, daxilolmaları xeyli dərəcədə artırır”. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli qəzetimizə verdiyi müsahibəsində qeyd etdi. O bildirdi ki, əslində bütün dünya nağdsız ödənişlərə keçidlə bağlı ciddi qərarlar qəbul edir: “Bu yöndə qəti addımlar atan ölkələr də var. Məsələn, bu sahədə liderlərdən biri olan Avstraliya ötən il ticarət əməliyyatlarının iqtisadi münasibətlərinin təqribən 96 faizə yaxını nağdsız formada həyata keçirilib. Yəni belə bir tendensiya bütün dünyada gedir, dünyanın aparıcı ölkələri çalışırlar ki, maksimal dərəcədə vergi şəffaflığını artırmaq, kölgə iqtisadiyyatının həcmini azaltmaq üçün məhz nağdsız ödənişlərdən istifadə edilsin. Azərbaycanda isə, çox təəssüf ki, hələ buna nail olmaq bir o qədər də asan deyil. Ölkəmizdə təxminən 90-95 faiz ticarət və iqtisadi əməliyyatlar nağd şəkildə həyata keçirilir. Bu da kölgə iqtisadiyyatının artmasına və vergidən yayınmaların həcminin çoxalmasına səbəb olur. İndi 200 manatlıq əskinasın nə qədər həcmdə dövriyyəyə buraxılacağı haqqında məlumat verilməsə də, hər halda, iqtisadiyyatın qanunlarına görə, dövriyyədə olan nağd pulun artımı sonuc etibarilə həm inflyasiyanın artmasına, qiymətlərin bahalaşmasına, həm də manatın məzənnəsinə olan təzyiqlərin yüksəlməsinə səbəb olacaq və bir müddət sonra bu təzyiqin daha da ciddi olduğunu görəcəyik”.

N.Cəfərli dedi ki, bu il büdcəyə əlavə dəyişikliklər edilərsə, 3-3,5 milyard manatlıq fərq hissəsinin artması gözlənilir. Əgər bu, doğrudan da baş versə, yəni fərq hissəsinin artımı görülsə, bu zaman nağd pula ehtiyac yaranacaq . Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsində belə nağd əməliyyatlar üstünlük təşkil edir. Və çox güman ki,  tələb olunan nağd vəsaitin təmin olunması üçün bu addım atılıb və dövriyyədə olan manat kütləsinin həcmi, o cümlədən də 200 manatlıq əskinasların da köməyi ilə nağd pulun həcminin artırılmasına qərar verilib. İqtisadi qanunlara görə, bu, ilk aylarda hiss olunmasa da, ilin sonuna yaxın artıq həm inflyasiya rəqəmlərində, həm də manatın məzənnəsində müəyyən dəyişikliklərə səbəb olacaq. Yəni iqtisadiyyat da bir elmdir, elmi qanunlara görə, dövriyyədə olan nağd pul artdıqca, bu proseslər də sürətlənir.

Onu da qeyd edim ki, bizdə indi manatın məzənnəsinin inzibati qaydada tənzimləndiyi artıq heç kimdə şübhə doğurmur. Mərkəzi Bank da artıq açıqlamalarında “üzən məzənnə” sözündən, demək olar ki, istifadə etmir. Məzənnə inzibati qaydada tənzimlənir, hələlik nəzarət altındadır, ciddi bir təhlükə yoxdur. Çünki neft kifayət qədər bahadır, 75 dollar civarındadır və hələ ki, manatın məzənnəsində böyük basqılar görsənmir. Amma manat kütləsi artdıqca, dövriyyə çoxaldıqca, dövriyyədə olan manatın həcmi artdıqca, istər-istəməz valyuta artımlarının həcmi də artacaq. Valyutaya olan tələbatın artması əvvəl-axır devalvasiyaya səbəb olan məsələlərə gətirib çıxaracaq. Neftin indiki qiymətlərini nəzərə alsaq, kəskin devalvasiyanın olmasını düşünmürəm. Amma yumşaq formada ilin sonuna qədər manatın dəyərinin təqribən 5-10 faiz civarında azalması mümkündür”. 

Aliyə SƏMƏDOVA