İlk ayın uğurları


Baxıldı : 142

Tarix : 2019-11-01 16:17:37


Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi bu ilin sentyabr ayından fəaliyyətə başlayıb. Birlik 68 sahə müəssisəsinin həmkarlar ittifaqı komitələrindən seçilmiş 112 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında yaradılmışdır. Birliyi yaratmaqda məqsəd sahə işçilərinin aqrar sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə səfərbər edilməsi və ilk həmkarlar ittifaqı təşkilatlarının idarəetmə strukturunun təkmilləşdirilməsi olmuşdur.

Birliyin xidmətinə Aqrar Elm və İnnovasiyalar Mərkəzi, “Aqrolizinq” ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, KTN-in Aparatının, eləcə də Dövlət Aqrar İnkişaf Mərkəzinin həmkarlar ittifaqları komitələri daxildir.

Təşkilatımız əsasən üzvlərin əmək hüquqlarının müdafiəsi, işçilərin sosial-iqtisadi mənafelərinin təmin olunması, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının, onların asudə vaxtlarının səmərəli təşkili və digər funksiyaları həyata keçirir.

Fəaliyyətə başlamağımızdan cəmi bir ay keçməsinə baxmayaraq, bu funksiyalardan bir neçəsini reallaşdırmağa nail olmuşuq. Belə ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə əməkdaşlıq müqaviləsi imzalamışıq. Biletlərin dəyərini həmkarlar ittifaqı ödəməklə, xidmətimizdə olan müəssisələrin kollektivləri vaxtaşırı bu sənət ocağında, eləcə də Gənc Tamaşaçılar Teatrında maraqlı konsert proqramlarına, səhnə əsərlərinə baxa bilirlər.

Üzvlərin sağlamlığına da fəaliyyətimizdə geniş yer ayırırıq.

Stolüstü oyunlara, xüsusilə şahmata marağın böyük olduğunu nəzərə alıb bu növlər üzrə müntəzəm yarışlar təşkil edirik. Bir neçə gün əvvəl qeyd etdiyimiz sahə işçilərinin peşə bayramı münasibətilə daha bir idman növündə yarışlara start vermişdik. Bu yarışlara, demək olar ki, bütün üzv təşkilatlarımız qoşulmuşdu. Qaliblər mükafatlarla təmin olundu.

Sağlamlıqdan söhbət düşmüşkən deyim ki, ötən bir ay ərzində 28 nəfərə sanatoriyalara yollayışlar vermişik. Yubiley yaşı tamam olan veteran işçiləri kollektiv qarşısında təntənəli şəraitdə təbrik etmişik. Onları Fəxri Fərman və qiymətli hədiyyələrlə, gül dəstələri ilə sevindirmişik. Ehtiyacı olanlara maddi yardımlar göstərmişik. Hazırda təşkilatımızda 10 min nəfərə qədər üzv birləşir. Amma sıralarımızı genişləndirmək üçün potensialımız var. Biz bu potensialdan maksimum istifadə etmək üçün təşkilati işlər aparırıq. Gördüyümüz işin səmərəsi olaraq son günlər daha bir neçə qurumda - Dövlət Toxum Fondu, “Azəraqrar” ASC, Aqrar Tədqiqatlar Mərkəzi, KTN yanında Xüsusi Riskli Biotəhlükəsizlik Laboratoriyasında həmkarlar ittifaqı komitəsi təsis olunmuşdur. Bu təşkilatlar öz xahişləri ilə Birliyin xidmətinə daxil olublar. Ağsu Aqropark və P-AQRO pambıq istehsalı və tədarükü şirkətində həmkarlar ittifaqı təşkilatı yaradılması gündəmdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı çoxşaxəli islahatlar, iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətli inkişafa yeni üfüqlər açır. İslahatların qarşısında duran başlıca vəzifə ölkə əhalisinin ərzaq təhlükəsizliyini, kənd təsərrüfatı məhsullarının dünya bazarında layiqli yerini təmin etməkdir. Təbii ki, bu hədəflərə nail olduqca kəndlərimizdə yaşayan insanların məşğulluq problemləri həll olunacaq və gəlirləri artacaq. Həmkarlar ittifaqı təşkilatı olaraq biz də dövlətimizin bu məqsədlə həyata keçirdiyi islahatları dəstəkləyir və onun reallaşmasında səylərimizi əsirgəmirik.

 

Fuad MƏMMƏDOV,

Kənd Təsərrüfatı İşçiləri

Həmkarlar İttifaqı

 Birliyinin sədri