İlk peyk smartfonu


Baxıldı : 195

Tarix : 2018-04-14 01:40:47


“Thuraya” şirkəti xüsusi olaraq səyahət etməyi sevən insanlar üçün hazırlanmış və “Android” sisteminin idarəetməsi altında işləyən “X5-Touch” adlı ilk peyk smartfonunu təqdim edib.

Smartfon peyk rabitə rejiminə keçid imkanına malik olmaqla “2G”, “3G” və “4G” şəbəkələrində iki SİM kartla iş rejimini dəstəkləyir. Peyk və mobil rabitənin eyni anda istifadəsi nəzərdə tutulub. Qurğu həmçinin simsiz rabitə üçün “Bluetooth” və “Wi-Fi”, başqa cihazlarla sinxronlaşdırma və təmassız ödənişlər üçün “NFC” modulu ilə təchiz edilib.

5,2 düymlük diaqonala malik displey “Full HD” təsvir ölçüsünə malikdir və “Corning Gorilla Glass” qoruyucu şüşəsi ilə təchiz edilib. Qurğunun korpusu “IP67” standartı üzrə su və toza dayanıqlıdır, möhkəmlik və təhlükəsizlik üzrə hərbi tələblərə cavab verir. Akkumulyatorun tutumu haqda məlumat yoxdur, amma istehsalçının sözlərinə görə, gözləmə və danışıq rejimində telefonun avtonom işləmə müddəti yaxşıdır.

“Thuraya X5-Touch” smartfonunun qiyməti və satışa çıxarılma tarixi, hələ ki, bilinmir.

Azər MUSTAFAYEV