İmtahanların gedişinə nəzarət etdilər maddi-texniki baza ilə tanış oldular


Baxıldı : 121

Tarix : 2020-01-31 16:16:27


2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidə etmək məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

BMU-nun rektoru, professor Havar Məmmədov növbəti imtahan sessiyasının müvafiq təlimat və əsasnamələrə uyğun keçirildiyini, bunun üçün auditoriyalarda hər cür şərait yaradıldığını bildirib. O, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının gedişinə nəzarət, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə Qərargah və Apellyasiya Komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İctimai nəzarətin əhəmiyyətinə toxunan rektor, bunun universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin inkişafı, aşkarlığın qorunub saxlanılması, təhsil alanların hüquqlarının müdafiəsi üçün vacib rol oynadığını vurğulayıb.

İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini, təhsil eksperti  Nadir İsrafilov, məsul katib, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, üzvlər - fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Respublika Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə,  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə birlikdə imtahan keçirilən auditoriyalarda olub, imtahanların gedişini yaxından izləyiblər. Onlar imtahanların keçirilməsi ilə bağlı tələbələrin fikirlərini dinləyiblər, imtahan suallarını nəzərdən keçiriblər.

Sonra qonaqlar BMU-nun maddi-texniki bazası, həmçinin Biologiya laboratoriyası ilə tanış olublar.