İmtahanların ödənişli olması


Baxıldı : 109

Tarix : 2017-04-29 00:30:00


Martın 6-da Tarif Şurasının iclasında Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxıldı və müvafiq qərar qəbul edildı. Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib. İmtahanların ödənişli olması hər kəs tərəfindən birmənalı qarşılanmayıb və ərizə verənlərin sayına da təsir edib. Xüsusən də bu sistemin tətbiqi magistr olmaq istəyənlərin sayında kəskin azalma ilə müşahidə olunub.

Bəs ekspertlər bu haqda nə düşünür? İmtahan qiymətlərinin yüksək olması gələcəkdə ərizə verənlərin sayına necə təsir edəcək?

Suallarımıza aydınlıq gətirməsi üçün təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. O dedi ki, hazırda tətbiq olunan sistemə görə ödəniş miqdarını, ümumiyyətlə götürsək, yüksək hesab etmək olar: "Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin aprel ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv olundu və onun yerinə Dövlət İmtahan Mərkəzi (DİM) yaradıldı. DİM yarandıqdan sonra elan etdi ki, indiyə qədər vətəndaşlara göstərilən xidmət əslində real qiyməti əks etdirmir. TQDK-nın fəaliyyətinə dövlət büdcəsindən 7 milyon manat vəsait ayrılmışdır ki, bütün bu proseslər həyata keçirilsin. Və indi yeni yaradılmış qurum isə göstərdiyi hər bir xidmətin  (adambaşına düşən xidmətin) qiymətini hesablayıb ortaya qoydu. Ortaya qoyulan qiymət isə, əlbəttə, kifayət qədər artıqdır".

Əvvəlki illərlə müqayisədə qiymətlərin nə qədər artması statistikasına da toxunan ekspert bildirdi ki, əgər indiyə qədər imtahanda iştirak etmək üçün iddiaçılar 2 manat, sınaq imtahanları üçün 3 manat ödəyirdilərsə, artıq bu ildən etibarən texnikumlar üçün  20, bakalavr pilləsi üçün 40, magistratura pilləsi üçün  50 və 60, rezidenturanın birinci mərhələsi üçün 60, ikinci mərhələsi üçün isə 100 manat ödəməli olacaqlar: "Artıq aprel ayında DİM ilkin olaraq magistratura pilləsinə qəbulun birinci mərhələsi üçün  imtahanı həyata keçirdi. Keçdiyimiz illərdə magistraturanın birinci mərhələsində ən azı 24 min nəfər iştirak edirdisə, 2017-ci ilin aprel ayında keçirilən həmin imtahanda 13 min nəfər iştirak etdi.

Bakalavr pilləsinə gəldikdə isə, 2010-cu ildə əgər 113 min nəfər ali məktəblərin I-IV  qrupuna qəbul olunmaq üçün iştirak edirdisə, 2016-2017-ci ildə, yəni hal-hazırda bu rəqəm 69 min 990 olub. Son 7 il ərzində hardasa 50 minə yaxın azalma qeydə alınır. Ancaq plan yerlərində artım var. Əgər 2010-cu ildə 30 min plan yeri var idisə, bu il isə 40 min plan yeri iddiaçıların istifadəsinə verilib. Yəni müraciət edənlərin sayı azalır, amma buna əks mütənasib olaraq plan yerlərinin sayı artır. Nəticə etibarilə bu, ali məktəblərə ciddi təsir göstərəcək. Çünki, bildiyimiz kimi, Azərbaycanda 54 ali təhsil müəssisəsi var və bunların hamısı özünün maliyyə xərclərini dövlət büdcəsi hesabına, özəl universitetlər isə tələbələrin ödədiyi təhsil haqqı ilə qarşılayırlar. Abituriyentlərin sayının azalması isə onların plan yerini doldurmur. Məsələn, 2016-cı ildə ali məktəblərdə 7500 plan yeri boş qalmışdı. Bu il qiymətlərin artması ciddi şəkildə ali məktəblərdə plan yerlərinin boş qalmasına, nəticə etibarilə qəbul balının aşağı enməsinə və ümumilikdə isə tədris prosesinin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. DİM isə qiymətlərin artmasını gələcəkdə imtahanları daha hazırlıqlı şəxslərin qazanacağı ilə əlaqələndirsə də, bu, düzgün yanaşma tərzi deyil, çünki təhsil əlçatan olmalıdır. İmtahanlar təhsilin inkişafına təsir göstərmir, yəni keyfiyyət artımı qəbul prosesində həyata keçirilmir. Keyfiyyətli təhsil orta və ali məktəbdə olmalıdır".

K.Əsədov onu da bildirdi ki, Azərbaycanda doktorantura, rezidentura pilləsində təhsil almaq istəyənlər ciddi şəkildə azdır. Bu da nəticədə elmə gedənlərin sayına mənfi təsir göstərir: "Bu gün Azərbaycanda 30 yaşdan aşağı elmlər doktoru yoxdur. Buna xidmət haqlarının artması da ciddi şəkildə təsir göstərir. Çünki birinci mərhələ üçün ərizə qəbulu 50, ikinci mərhələ üçün isə 60 manatdır. Bu, ümumilikdə 110 manat edir. Yəni bir şəxs imtahan prosesində iştirak etmək üçün əldə etdiyi nəticədən asılı olmayaraq 110 manat ödəməlidir".

Bu yöndə gələcəkdə hansı addımların atılacağına gəldikdə isə ekspert dedi ki, DİM-in verdiyi məlumata görə, xidmət haqları növbəti illərdə təkmilləşdirmə və digər texnoloji vasitələrdən istifadə ilə əlaqədar olaraq artırılacaq: "Bizim artıq özümüzün iqtisadi inkişafımız, dövlət büdcəmiz  kifayət edir ki, sosial  sahədə  tədbirlər həyata keçirək. Təhsil sosial layihədir. Həyata keçirilən sərəncamlar, qərarlar, bütün fəaliyyət planımız insanların rifah halının yüksəldilməsi üçündür. Hesab edirəm ki, dövlət bu məsələdə özünün mövqeyini ortaya qoyacaq və xidmət haqları yenə dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəkdir".

Aliyə Səmədova