İnandırmaq və məcbur etmək- iki mexanizm birdən işləməsə


Baxıldı : 431

Tarix : 2020-06-12 05:53:16


Ölkədə koronavirus xəstəliyinin yayılma sürətinin azadılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə bir sıra rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Təəssüflər olsun ki, nə qədər tövsiyələr verilib, cərimələr tətbiq olunsa da, karantin rejiminin qaydalarına məhəl qoymayan, özləri ilə bərabər digər insanların sağlamlıqlarını təhlükə altında qoyan vətəndaşlar  da az deyil. Məsələn, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati cərimələr nəzərdə tutulsa da, xəbərdarlıq edilməsinə baxmayaraq,  bu gün əksəriyyət bu qanuna riayət etmir.

Millət vəkili Fazil Mustafa son günlər müşahidə olunan hadisələrə münasibət bildirdi. Dedi ki, ölkədə pandemiya nəzarətdən çıxmaq üzrədir. Çünki  insanlar qaydalara arzuolunan səviyyədə  əməl etmirlər. Məsuliyyətsizliyin də nəticəsini artıq özləri görürlər. Təəssüflər olsun ki, son vaxtlar artıq hər kəsin  yaxınında yoluxan insanların sayı artmağa başladıqca xəstəliyin nə qədər ciddi olduğunu başa düşürlər. Bunu hər kəsin başa düşməsi üçün gərək yaxın insanlarından kimsə yoluxamı?! Qaydalara əməl olunmasa faciəli nəticə olacaq. Vətəndaşın maarifləndirilməsi üçün nə tədbir görmək lazımdırsa edilir. Hesab edirəm ki, səhiyyə ocaqlarının işçiləri də mütəmadi olaraq vəziyyətlə bağlı bilgi verməlidirlər. Qoy insanlar başa düşsünlər ki, məsuliyyətsizlik etsələr çox ciddi problemlər yaşana bilər. Bu problemləri həmrəylik olmasa, aradan qaldırmaq olmayacaq. İnsanların bu məsələyə inamsız davranması özlərinə ziyan vuracaq. Cərimələri tətbiq etmək lazımdır amma bu da bilmirəm necə alınacaq. Çünki bəzi vətəndaşlar maska taxmamısan deyən polis işçilərinə qarşı sərt reaksiya verirlər. Qanuna riayət etmədikləri bir ayıb, hələ birləşib münaqişə yaradırlar.Bu, ciddi məsələdir. Əfsuslar olsun ki, bəzilərinin nalayiq hərəkətləri bütövlükdə cəmiyyət haqqında təsəvvür yaradır.

Vətəndaşların Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə əmək kollektivlərində kütləvi yoluxmaların başlamasından narahatlığını bildirdi. Dedi ki, ilk qayda-qanun iş yerlərində yaradılmalıdır. Əmək kollektivlərində karantin rejiminin pozulması əməyin və sağlamlığın qaydalarının pozulması deməkdir. İşçilər tənəffüs qoruyucu vasitələrlə, o cümlədən dezinfeksiya materialları ilə təmin olunubsa və işçi bundan sonra da qaydalara əməl etmirsə, əməyin mühafizəsi qaydalarını pozur deməkdir. Daha sonra xidmət sahələrində vizual müşahidə aparsaq görərik ki,  elementar karantin qaydalarına əməl olunmur. Ticarət və iaşə şəbəkələri, ictimai nəqliyyat ciddi nəzarətə götürülməlidir. Marketlərdə sosial məsafə saxlanılmır. Hesab edirəm ki, bütün marketlər əlavə təhlükəsizlik qüvvələri cəlb etməlidir və onlar qaydanı pozanları ordan uzaqlaşdırmalıdır. Lazım gəlsə, hətta bir neçə gün ora  polis dəvət olunmalıdır. İnandırmaq və məcbur etmək- iki mexanizm birdən işləməsə mümkün olmayacaq.

 

Əsli Əhmədova