“İndustriALL" beynəlxalq həmrəyliyin vacibliyinin sübutudur"


Baxıldı : 87

Tarix : 2017-06-21 21:53:28


İndustriALL Qlobal İttifaqı yaranmasının 5-ci ilini qeyd edir. 2012-ci il iyunun 20-də Danimarkanın paytaxtı Kopenhagendə qurulan ittifaqın məqsədi iş sektorunda çalışanların hüquqlarının müdafiəsinə nail olmaq idi.  Ötən 5 il ərzində 140 ölkədə mədən, metal, enerji, kimya, tekstil, istehsal sənayesi daxil olmaqla bir çox sektorda 50 milyon işçinin haqları üçün mübarizə aparılıb. İndustriALL-ın baş katibi Valter Sançez ildönümü ilə əlaqədar Kopenhagendə keçirilən konqresdə çıxışında bildirib ki, ittifaq yaranandan bu günə qədər birlikdə daha güclü olduqlarını dəfələrlə göstərib: "Biz birlikdə  transmilli şirkətləri məsuliyyətə cəlb etdik, hökumətlərlə danışıqlar apardıq, işçilərin hüquqları uğrunda mübarizədə qələbələr qazandıq. İndustriALL beynəlxalq həmrəyliyin vacibliyinin sübutudur.

Banqladeşdə "Rana Plaza"da baş verən bədbəxt hadisədən sonra dövlət ilə "Yanğın və inşaat təhlükəsizliyi" haqqında saziş bağladıq. Razılaşmaya əsasən, 1600-dən çox fabrikdə əməyin təhlükəsizliyi yoxlanıldı, çatışmazlıqlara görə 30 milyon dollar dəyərində təzminat almağa nail olduq.

İttifaq qurulan zaman qarşısına 5 əsas məqsəd qoyub:

-güclü birliklər yaratmaq;

-qlobal kapitala qarşı durmaq;

-təhlükəli işi dayandırmaq;

-davamlı sənaye siyasəti;

-işçi hüquqlarını müdafiə etmək".

V. Sançez əlavə etdi ki, güclü birliklərin yaradılması beynəlxalq səviyyədə üzvlərimizin sayının artması  məqsədilə fəaliyyətin nəticəsidir: "Son zamanlarda İndoneziya, Hindistan, Zambiya kimi ölkələrdən  həmkarlar ittifaqı təşkilatları İndustriALL-a üzv oldu.          İttifaqın 2016-cı ildə Rio de Janeyrada keçirilən konqresində qadın təmsilçilərin 40 faizə yaxın olması və gənclərin sayının artması uğurun göstəricisidir.

Rəhbərlik etdiyim qurum hər zaman sosial dialoqdan yanadır. Hazırda bir sıra sektorlarda marka dəyəri yüksək olan beynəlxalq şirkətlərlə razılaşmalar əldə olunub. Və birgə fəaliyyət davam etdirilir. Bununla belə, çalışanların hüquqlarının müdafiəsi naminə "Lafarge Holcim", "Rio Tinto" kimi markalarla qarşı-qarşıya gəldiyimiz məqamlar da olub.

İndustriALL təhlükəli əmək şəraitinə qarşı layihə və kampaniyalara dəstək verərək on minlərlə çalışanın  iş şəraitinin yaxşılaşmasında rol oynayıb. İttifaq davamlı sənaye siyasəti ilə iş sektorunda texnoloji imkanların artması zamanı ixtisarları önləməyi və ətraf mühitə zərər vermədən iş prinsipinin genişləndirilməsini planlayır".

Baş katib sonda qeyd etdi ki, qarşılaşdığımız problemlər böyükdür, lakin biz bunlarla mübarizə aparacaq gücdəyik. Üzv təşkilatlara ötən 5 ildə verdikləri dəstək üçün təşəkkür edirik.

 

Cavid Səfərov