İnformasiya işçilərinin görüşündə kommunikasiya sahəsində görülən işlərdən danışıldı, təkliflər irəli sürüldü


Baxıldı : 36

Tarix : 2019-09-06 19:11:48


2019-cu il sentyabrın 2-3-də Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) Union-to-Union layihəsi çərçivəsində MDB və Şərqi Avropa ölkələri milli həmkarlar ittifaqı mərkəzlərinin informasiya işçilərinin subregional görüşü keçirildi. Görüş Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının mənzil-qərargahında baş tutdu.

Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Moldova, eləcə də Serbiya, Bosniya və Hersoqovina, Monteneqrodan olan həmkarlar ittifaqlarının informasiya vasitələrinin təmsilçilərinin qatıldığı görüşdə iştirakçılar bir sıra beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının işi və kommunikasiya strategiyası ilə tanış oldular. Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının bu yaxınlarda keçirilmiş konqreslərində müəyyən edilmiş məqsədlərə nail olunmasına yönəlmiş həmin strategiya və fəaliyyətlər haqqında məlumat verildi. Mövzu ətrafında Pan Avropa Regional Şurasının icraçı katibi Anton Leppik, BHİK-in  əməkdaşları Qoda Neverauskayte, Anna Salnikova, Samra Kovaçeviç çıxış etdilər. Anton Leppik bildirdi ki, dünyadakı vəziyyət yeni soyuq müharibəyə yol açır. Avropa Birliyində “avroskeptisizm” dalğası artsa da, Avropa Birliyi dünyanın Rusiya, ABŞ və Çin arasında döyüş meydanına çevrilməməsi üçün mümkün olan hər şeyi etməyə çalışır. “Avroskeptisizm” həm “Brexit”də (ingilislərin Avropa Birliyindən çıxması), həm də bəzi ölkələrdə milliyyətçi partiyaların hakimiyyətə gəlməsində özünü göstərir. Bütün bunlar sadə avropalılara təsir edir. İnsanlar bundan bezdiklərini söyləyirlər. Məsələn, Macarıstanda həmkarlar ittifaqlarının tətil təşkil etmək hüququ yoxdur, İngiltərədə isə müvafiq qurumların səlahiyyətli nümayəndələri həmkarlar ittifaqlarının tətilə başlamaq hüquqlarını ciddi şəkildə məhdudlaşdırmaq üçün mübarizə aparırlar. Hazırda həmkarlar ittifaqlarının təkcə öz üzvlərini deyil, digər insanları da tətillərə cəlb etməyi hədəfləyən kampaniyalar aparması vacibdir.

Görüş iştirakçıları qarşısında BHİK-in kommunukasiyaları, strategiya elementləri haqqında çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının kampaniyalar və kommunikasiyalar şöbəsinin direktoru Tim Nunan 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı həmin ölkədə miqrantların qarşılaşdıqları problemlər haqqında danışaraq  təmsil etdiyi təşkilatın bu yöndə fəaliyyəti barədə məlumat verdi. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, “Solidarnost” qəzetinin baş redaktoru Aleksandr Şerşukov maraqlı təkliflərlə çıxış etdi.

Təklif etdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin həmkarlar ittifaqı nümayəndələri növbəti tədbirdə iştirak etsin, informasiya və kampaniya işinin təşkili ilə bağlı fikirlərini bölüşsünlər: “Hazırda bu barədə, demək olar ki, heç nə bilmirik. Beynəlxalq həmkarlar ittifaqları strukturları təkcə dünya həmkarlar  ittifaqlarının fəaliyyətini əlaqələndirmir, həm də müxtəlif elm və təhsil müəssisələri ilə birgə işləyərək ciddi mütəxəssis təcrübələri aparırlar. Belə təcrübə materiallarının Rusiya üçün də əhəmiyyətli olacağına inanıram. Dünyanın müxtəlif ölkələrindən olan həmkarlar ittifaqı nümayəndələrinin birlikdə fəaliyyəti, təkcə iştirakçıların  bir- birini tanımağına yox, beynəlxalq sendikal qurumlara tabe olan təşkilatların fəaliyyətinə də aktiv şəkildə köməklik göstərməyi təşviq edəcək”.

Daha sonra Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və kommunikasiyalar şöbəsinin rəhbəri Culian Skola BHİK-in konqresinin nəticələri, kommunikasiyalar üçün əsas istiqamətlər haqqında məlumat verdi. Görüşdə PARŞ regionunda əməkhaqları üzrə BHİK-in flaqman kampaniyası, Şərqi Avropa ölkələrində subregional təşəbbüslər, MDB məkanında milli kampaniyalar, qlobal iqlim dəyişiklikləri haqqında mövzularda çıxışlar dinlənildi və müzakirələr aparıldı.

Həmkarlar ittifaqları informasiya işçilərinin bu sətirlərin müəllifinin də iştirak etdiyi görüşündə ənənəvi olaraq iştirakçılar arasında təcrübə mübadiləsi aparıldı, ayrı-ayrı ölkələrdə, həmçinin MDB və Şərqi Avropa ölkələrində yeni trendlər, nailiyyətlər və kampaniyalar, Avropa İttifaqına üzv olan ölkələrdə informasiyaların yayılması, kommunikasiyalar haqqında diskussiyalar, müzakirələr keçirildi. “Dəyirmi masa”larda MDB və Şərqi Avropa ölkələrinin həmkarlar ittifaqı mərkəzlərinin kampaniyaların aparılmasında əldə etdikləri nəticələr və uğurlar çıxış edənlər tərəfindən diqqətə çatdırıldı.

 

Nazim AĞAMİROV,

AHİK-in Mətbuat və ictimaiyyətlə

əlaqələr şöbəsinin müdiri