İnformasiya mübadiləsi imkanları genişləndirir


Baxıldı : 73

Tarix : 2017-05-13 02:29:34


NATO Hind okeanında dəniz quldurlarının dənizçilərə törətdiyi təhlükənin qarşısını almaq üçün apardığı Okean Qalxanı əməliyyatında  köməyə görə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (BNİF) minnətdarlığını bildirib.  NATO-nun hərbi dəniz qüvvələrinin komandanı vitse-admiral Klayv Conson BNİF-ə ünvanladığı təşəkkür məktubunda qurumun öhdəsinə düşən missiyanı lazımınca yerinə yetirdiyini vurğulayıb. Qeyd edib ki, görülən işlər nəticəsində dəniz ticarətində  dəniz quldurlarının hücumları daha az müşahidə olunur. Hazırda hərbiçilərlə mülki dənizçilər arasında informasiya mübadiləsi artır, bu da mübarizə imkanlarını genişləndirir.  Gələcəkdə ehtiyac olarsa, Alyans lazımi tədbir görməyə hər an hazırdır. Federasiyanın Qırmızı dəniz və Hind okeanında piratçılığa qarşı mübarizədə öhdəliklər götürməsi sevindirici haldır.

BNİF-in dəniz nəqliyyatı üzrə katibi məsələ ilə bağlı deyib ki,  sularda cinayətkarlığın qarşısının alınması və tranzitin təhlükəsiz həyata keçirilməsi üçün aparılan Okean Qalxanı əməliyyatı   bir qələbədir. Biz də öz növbəmizdə  NATO-ya təşəkkürlərimizi bildiririk.

 

 Problemdən işçilər zərər çəkir

İndoneziyada Kimya Energetika və Mədən Sənayesi İşçiləri Həmkarlar İttifaqının (KEMSİHİ) "PT Freeport İndoneziya" şirkətinə məxsus "Qrasberq" mədənində  çalışanlar etiraz aksiyası keçirirlər. Məzuniyyət siyasətinə qarşı təşkil olunan tətilləri şirkət rəhbərliyi qeyri-qanuni hesab edib. İştirakçıların  işə davamsızlığını səbəb göstərərək işinə son veriləcəyini açıqlayıb. Artıq 178 işçinin sözləşməsi  ləğv edilib. Önümüzdəki həftədə 127 çalışanın işdən çıxarılacağı qeyd edilib. Şirkət rəhbərliyi mədən sənayesinin  milli strateji önəmini diqqətə çatdıraraq işçilərə tətil hüququnun verilməyəcəyini deyib.

KEMSİHİ-dən bildirilib ki, anlaşılmazlığa səbəb hökumətlə şirkət arasında gərginliyin yaşanmasıdır: "32 min işçisi olan mədən dünyada ikinci ən böyük qızıl və mis mədənidir.  1967-ci ildən Amerika şirkəti "Freeport Mc MoRan"a tabe olan yerli "PT Freeport İndoneziya" şirkəti tərəfindən işlədilir".

Tətillə bağlı həm İndoneziya hökumətinə,  həm də şirkətə məktubla müraciət edən İndustriALL Qlobal İttfaqının baş katibi Valter Sançez yaranan problemdən işçilərin zərərli çıxmaması üçün anlaşılmazlığın həllini tələb edib və tətil keçirən çalışanlara dəstək olduğunu vurğulayıb.

Cavid Səfərov