Çingiz Abdullayev tələbələrlə görüşdü


Baxıldı : 291

Tarix : 2016-05-20 05:41:00


Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor-müəllim heyəti və tələbələrin dünya şöhrətli yazıçı Çingiz Abdullayevlə görüşü keçirilib. Öncə aprel ayının əvvəllərində cəbhə bölgəsində düşmən təxribatına layiqli cavab verərkən şəhid olan qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra universitetin rektoru Mustafa Babanlı çıxış edərək Çingiz Abdullayev yaradıcılığının dünyanın hüdudlarını aşaraq müxtəlif dillərdə tərcümə olunduğunu, onun əsərlərinin sevilə-sevilə oxunduğunu qeyd edib. ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə gənc oxucular yazıçının həyat fəlsəfəsi, düşüncələri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Tələbələr Çingiz Abdullayev yaradıcılığının hansı ideyanın üzərində dayandığını, uğurlara nail olmaq üçün insanın hansı keyfiyyətlərə malik olması ilə bağlı onun düşüncələrini dinləyiblər. Ç.Abdullayev hər bir uğurun önündə təhsilin dayandığını, gələcəyimizin məhz ondan asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, təhsilsiz insanlarla heç bir şeyə nail olunmayacaq. Hər zaman mütaliə etməyi, insanların, gənclərin oxumağa daha çox həvəs göstərməsini vacib element kimi önə çəkib. Tələbələrin çoxsaylı suallarını cavablandıran Ç.Abdullayev öz əsərlərində axtardığı ədaləti, mübarizliyi gənclərdə görmək istədiyini deyib. Yazdığı əsərlərini öz övladı qədər sevdiyini, hər birinin reallığa əsasən qələmə alındığını və məhz yazdıqca yaşadığını, xoşbəxt olduğunu dilə gətirib. Yazıçı deyib ki, yaradıcılığında insan psixologiyasının, düşüncəsinin, onun bu həyatda nə istəməsi ideyası dayanır. Ç.Abdullayev həm də hiss etmədiklərini qələmə almaqla da öz oxucusunu təəccübləndirməyi bacarır və buna görə də dünya dillərində tərcümə olunmaqla sevilir.Görüş Ç.Abdullayevin müəllifi olduğu kitabların imzalanması mərasimi ilə sona çatıb. Azər MUSTAFAYEV