İnşa yazı müsabiqəsi keçirilib


Baxıldı : 56

Tarix : 2019-04-05 18:40:28


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 1-ci kurs tələbələri arasında Milli Ordumuzun Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığın üçüncü ildönümü ilə əlaqədar inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqə başlanmazdan əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirakçı tələbələrlə görüşüb. Rektor çıxışında bildirib ki, 2016-cı il aprelin birindən ikisinə  keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçib. Beləliklə, Azərbaycan Ordusu bütün dünyaya bəyan edib ki, biz ərazi bütövlüyümüzü təmin etməyə qadirik. Bu döyüşlərdə itkilər olsa da, xalqda böyük ruh yaranıb, ordumuzun gücü sübuta yetirilib.

Rektor İbrahim Cəfərov çıxışının sonunda müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Aqronomluq fakültəsinin tələbələri qələbə ruhlu şeirlər ifa etdilər, Azərbaycan sevdalı mahnılar oxudular.

Günün ikinci yarısında münsiflər heyəti müsabiqənin nəticələrini elan edib. Birinci yerin sahibi Mühəndislik fakültəsinin tələbəsi Peykər İbrahimova oldu. İkinci yeri Aqronomluq fakültəsinin tələbəsi Fətəli Sevgi və Aqrotexnologiya fakültəsinin tələbəsi Züleyxa Rüstəmli tutdular. Üçüncü yerə isə Aqronomluq fakültəsindən Ağaməsi Abzərov, Aqrar İqtisadiyyat fakültəsindən Nazdı Aslanova və Leyla Babayeva layiq görüldülər.

Qaliblərə pul mükafatları da təqdim olundu.

Aqrar İqtisadiyyat fakültəsinin daha bir tələbəsi Elvin Ağayev Fəxri Fərmanla təltif edildi.