İnşaatçıların peşə bayramı ilə əlaqədar tədbir


Baxıldı : 123

Tarix : 2018-04-14 00:20:14


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “10 Aprel - İnşaatçılar Günü” münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoymuşlar.

Dövlət himninin səslənməsi ilə başlanan tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli Sərəncamı ilə aprel ayının 10-unun inşaatçıların peşə bayramı günü kimi qeyd olunması bu sektorda çalışan şəxslərin əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətdir. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) sözügedən sahədə çalışan əməkdaşlarının da ölkədə gedən  tikinti-abadlıq işlərinə xüsusi töhfə verdiklərini vurğulamışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizdə aparılan tikinti-quruculuq, bərpa-abadlıq işlərində FHN-in aidiyyəti qurumlarının da böyük payı olduğunu diqqətə çatdırmış, tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov da çıxış etmişlər. Onlar ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda tikinti sektorunun sürətli inkişafından danışmış, milli memarlıq nümunələrinin yaradılmasından söz açmışlar. Qeyd etmişlər ki, inşaat-memarlıq sənətinin incəliklərini dərindən bilən Heydər Əliyev inşaatçıların əməyini daima yüksək qiymətləndirmişdir. Demişlər ki, ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda tikinti kompleksinin inkişafında yüksək dinamizm müşahidə olunur.

Toplantıda digər çıxışlar da dinlənilmişdir.

Tədbirdə “İnşaatçılar Günü” münasibətilə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində çalışan yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş əməkdaşlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

Bundan əlavə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley döş nişanı ilə, daha üç əməkdaş isə Fəxri Fərmanla təltif edilmişdir.