İnsan ləyaqəti uca tutulmalıdır


Baxıldı : 46

Tarix : 2017-09-29 23:56:59


Sentyabırın 22- də 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə keçirilmiş seminar üçün ünvan məhz 26 saylı Musiqi Məktəbinin seçilməsi təsadüfi deyildi. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin əməyin texniki müfəttişi Çingiz İbrahimov deyir ki, bu təhsil ocağında çox yaxşı əmək şəraiti yaradılıb.

Kollektiv 3 aydan bir əməyin mühafizəsi üzrə təlimatlandırılır. Hər mərtəbədə sanitar- gigiyena otağı var.  İstilik və havalandırma sistemi həmişə saz vəziyyətdə saxlanılır. Yanğına qarşı avadanlıqlar qoyulub. İşıqlandırma normalara uyğundur. Hər ehtimala qarşı generator alınıb ki, elektrik xətlərində qəza baş verdikdə dərslər dayandırılmasın. Məktəbin həyətində yaşıllıqlar içərisində olan köşk xüsusilə diqqəti cəlb edir. Bəzi musiqi dərsləri burada açıq havada keçirilir. Bu da həm yorğunluğu unutdurur, həm də sağlamlığa fayda gətirir.

Əməyin mühafizəsinə belə ciddi yanaşmağın nəticəsidir ki, məktəb 2014-cü ildə AHİK-in keçirdiyi  "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika baxış-müsabiqəsində qaliblər sırasında yer tutdu.

Çingiz müəllimin dediyinə görə, seminar iştirakçıları bütün bunları görüb yüksək dəyərləndirdilər.

Seminarda AHİK-in Əməyin Mühafizəsi Şöbəsi müdirinin müavini Əli Mədətov, MİHİ Respublika Komitəsinin əməyin texniki müfəttişi Çingiz İbrahimov çıxış etdilər. Natiqlər əlamətdar günün tarixi, mahiyyəti və təbliğatı baxımından oynadığı roldan danışdılar. Dedilər ki, Beynəlxalq Əmək Təşkilatı layiqli əmək anlayışını "Azadlıq, bərabərlik, təhlükəsizliyin təmin olunması, insan ləyaqətinin uca tutulması, kişi və qadınlar üçün layiqli və məhsuldar əmək  imkanlarının yaradılması" kimi başa düşülməsini təklif edir. Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyası bu formulanı qəbul edir və dəstəkləyir.  Fəaliyyətinin vacib istiqamətlərindən biri sayır.

Hökumət və sahibkarlar konfederasiyası ilə bağladığı Baş Kollektiv Sazişdə təhlükəsiz iş şəraiti, layiqli əmək barədə məsələlər konkret öhdəliklərdə öz əksini tapmışdır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVII konfransında qəbul edilmiş növbəti 5 il üçün fəaliyyət proqramında da "Əməyin təhlükəsizliyi və işçilərin sağlamlığının mühafizəsi"nə geniş bölmə ayrılmışdır.

Çıxışlarda bildirildi ki, sahə Hİ Respublika Komitəsinin nəzdində əməyin mühafizəsi komissiyası yaradılıb və ilk həmkarlar ittifaqı komitələrində ictimai müvəkkillər seçilib. Əmək Məcəlləsinin 236.3. maddəsinə müvafiq olaraq, işəgötürənlər onlara vəzifələrini yerinə yetirmək üçün, əməkhaqqı saxlanılmaq şərtilə, həftədə 2 saat vaxt ayırmalıdır. Həmçinin işəgötürən ictimai müvəkkilləri normativ- hüquqi sənədlərlə, peşələr üzrə təlimatlarla təmin etməlidirlər.

Çıxışlarının sonunda hər iki məruzəçi ümidvar olduğunu bildirdi ki, bu seminar layiqli əməyin tətbiqinə öz töhfəsini verəcəkdir.

Sonra natiqlər tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdilər.

Seminarda məktəbin direktoru Gülşən Quliyeva, HİK sədri Çingiz Mərdanov və müəllimlər iştirak etdilər.

Bəyalı RZAYEV