“İnsanlar digərlərinin də istirahətini düşünməlidir"


Baxıldı : 86

Tarix : 2017-09-23 01:06:31


Ötən yay ərzində Novxanıda çimərliklərin yanından keçərkən sahilboyu  müxtəlif tullantılar və çirklənmə diqqətimi çəkmişdi. Bir tərəfdə plastik tullantılar, digər tərəfdə isə dənizə atılan yeyinti məhsulları. Üstəlik, natəmizlik olan yerdə körpə uşaqların gəzməsini də müşahidə edirdim. 

Hər il çimərlik mövsümündən sonra yaranan bu mənzərə illərdir ki, dəyişməz qalır. İnsanlar özlərindən sonra çimərliklərdə qoyduqları tullantıların zamanla məhv olub gedəcəyini düşünsələr də, əslində onlar illərlə təbiətdə qalır. Nəticədə isə ətraf mühitdə üfunət iyi artır, yeni infeksiya və xəstəliklər yaranır. Xüsusən də azyaşlı uşaqların yay mövsümündə bu çirklənmə nəticəsində müxtəlif viruslara yoluxmasının şahidi oluruq. Xəzərsahili çimərliklərin müntəzəm təmizlənməsi aparılmadığından bu ekoloji problem gündən-günə böyüməkdədir.

Azərbaycan Respublikası Milli Ekoloji Araşdırmalar Mərkəzinin sədri, ekoloq Telman Zeynalov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, Bakı və Abşeronda fəaliyyət göstərən çimərliklərin əksəriyyətinin vəziyyəti bərbaddır, bunun əsas səbəbi isə insanların laqeyd yanaşmasıdır: "İnsanlar gətirdikləri yeyinti məhsullarını zibil yeşiklərinə atmır, oturduqları yerdə qoyub gedirlər. Bundan sonra isə onlar sahillərin çirkli olduğundan gileylənirlər. Lakin hər bir kəs özündən başlamalıdır. Xəzər hər birimizin sərvətidir və hər kəs onun təmiz saxlanması üçün məsuliyyət daşımalıdır".

Qurum rəhbəri hesab edir ki, cərimə metodları və nəzarət mexanizmləri daha sərt olmalı, zibil qutularının sayı artırılmalıdır: "Fikrimcə, ödənişli çimərliklərin sayı azaldılmalı, pulsuz çimərliklərin sayı çoxalmalıdır və müvafiq orqanların nəzarəti gücləndirilməlidir. Vətəndaşlar, rəsmi qurumlar da ekoloji vəziyyətə daha ciddi yanaşmalıdırlar. Bununla bağlı təbliğat işləri aparılmalıdır".

"Ölkədə turizmin inkişafından danışırıqsa, ilk növbədə çimərliklərimizdəki bu kimi problemləri həll etməliyik. Çünki çimərlik turizmi turizmin ən mühüm qollarından biridir",- deyə T. Zeynalov bildirdi.

"Azərbaycan Yaşıllar Hərəkatı"nın sədri Fəridə Hüseynova isə bildirib ki, vətəndaşlar inşaat tullantılarını, daş-kəsəyi, dəmir parçalarını və bu tipli zibilləri sahilə atır,  dəniz səviyyəsinin artdığı halda, o tullantıların da batacağını və gözə görünməyəcəyini düşünürlər: "Lakin bu tullantılar məhv olmur və çimən insanlar üçün olduqca təhlükəlidir. Bu cür tullantılardan alınan xəsarətlər hətta ölümlə nəticələnə bilər. İnsanlar özlərindən savayı digərlərinin də istirahətini düşünməlidirlər".

Yaranan problemin aradan qaldırılması üçün sentyabrın 23-də Mərdəkan çimərliyində beynəlxalq və ən geniş miqyasda ekoloji aksiya keçiriləcək. Artıq 22 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Gününü qeyd edir. Sahilyanı Təmizlik Gününe Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.

Günel QULİYEVA