İntellektual oyunlar


Baxıldı : 38

Tarix : 2018-05-12 03:42:41


Mayın 3-4-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şəki Rayon Komitəsi rayon təhsil şöbəsi ilə birlikdə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə ehtiram əlaməti olaraq “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” devizi altında intellektual bilik yarışı keçirmişdir.

Tədbiri giriş sözü ilə açan rayon komitəsinin sədri Ziyafət Xasiyeva dedi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş bu yarışın məqsədi istedadlı şagirdlərin potensialını üzə çıxarmaq, onların elmə, təhsilə maraqlarını artırmaq, gənclərdə milli vətənpərvərlik ruhunu yüksəltməkdir.

Təhsil şöbəsinin metodisti Anar Məmmədov, fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllimi Bəşarət Yusifov, şagirdi Aysel İsayeva və Azərbaycan Memarlıq Universitetinin həmkarlar ittifaqı komitəsinin əməkdaşı Sahib Ədilov çıxış edərək belə yarışların böyük əhəmiyyət daşıdığını qeyd etdilər və iştirakçılara uğurlar arzuladılar.

Yarışda 46 orta ümumtəhsil müəssisəsindən, hər komandada 4 nəfər olmaqla, 184 şagird iştirak etdi. Yarış 2 mərhələdə keçirilmişdir. 2-ci mərhələdə final turuna vəsiqə qazanmış 10 komanda I, II, III yerlər uğrunda mübarizə aparmışlar. Sonda münsiflər heyətinin qərarına əsasən, I yerə şəhər 1 №-li tam orta məktəbin, II yerə şəhər 7 №-li tam orta məktəbin, III yerə isə şəhər 18 № li tam orta məktəbin komandaları çıxmışlar.

Qaliblər və fərqlənən iştirakçılar TİAHİ Şəki Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışlar.