İntiqam məqamı çox da uzaqda deyil


Baxıldı : 203

Tarix : 2018-03-02 23:18:07


Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AHİ) Məclisi keçirilib. Tədbirdə Xocalı soyqırımının 26-cı ildönümü anılıb. AMEA-nın elmi müəssisə və təşkilat əməkdaşlarının iştirak etdiyi tədbirdə ilk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının sovet ordusunun köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırımın törədildiyini xatırladıb. Bildirib ki, hazırda Ermənistan hakimiyyətində yüksək mövqe tutan şəxslərin rəhbərliyi altında Xocalıda mülki insanlar amansızcasına qətlə yetirilib. Faciə zamanı öldürülən insanların sayının 613-dən çox olduğunu deyib.

Natiq qətliamın beynəlxalq miqyasda tanınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən işlərdən, o cümlədən “Xocalıya ədalət!” kampaniyasının önəmindən danışıb. AHİ sədri hazırda bir neçə dövlətin parlament səviyyəsində faciəni soyqırımı kimi tanıdığını, Avropanın, Asiyanın qabaqcıl ölkələrində Xocalı faciəsinin qurbanlarına abidələr ucaldıldığını söyləyib.

Tədbirdə səslənən digər çıxışlarda da inam ifadə olunub ki, Xocalı soyqırımı qurbanlarının intiqamı məqamı çox da uzaqda deyil.