“İqlim böhranı Avropa Birliyinin də əsas öhdəliklərindəndir”


Baxıldı : 96

Tarix : 2019-09-13 17:54:19


Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Beynəlxalq Əmək Təşkilatının sentyabrın 20-27-də Nyu-Yorkda keçiriləcək iqlim dəyişikliyi ilə bağlı zirvə toplantısı zamanı bir çox şəhərdə aksiyalar təşkil etməyi planlaşdırır. “Paris Sazişinə sadiq olun!” şüarı altında baş tutacaq aksiyada AHİK liderlərinin, o cümlədən Baş katibi Luka Visentininin iştirakı da gözlənilir. Konfederasiya 90 üzv təşkilatını öz ölkələrindəki iqlim böhranına qarşı addımlar atmağa çağırdı. Bildirdi ki, “İqlim böhranı Avropa Birliyinin də əsas öhdəliklərindən biri olmalıdır. 2050-ci ilə qədər iqlim böhranına təsir edən amillərin sıfıra endiriləcəyi ilə bağlı verilən vədlər yönündə irəliləyiş görmək istəyirik. Karbon-nötr iqtisadiyyatına keçid zamanı işçilərin də maraqları nəzərə alınmalıdır. Avropa Şurası xüsusilə işçilərin təlimatlandırılması və sosial müdafiəsinin təşkili üçün fondlar təsis etməlidir. Avropa iqtisadiyyatının ədalətli strategiyaya ehtiyacı var”.

AHİK-in katibi və iqlim dəyişikliyi məsələsi üzrə məsul şəxs olan Luis Voot deyib: “Amazon və Sibirdə bənzəri görünməyən meşə yanğınları, Dorian qasırğası, Qrenlandiyada buzlaqların əriməsi, Hindistanda ölümcül mussonlar, Avropadakı anomal istilər iqlim böhranının göstəricisidir.Yaşıl iqtisadiyyata Avropanın tək bir bölgəsində deyil, hər yerində keçid üçün iqlim hərəkatının ön sıralarında dayanmalıyıq”.

Qeyd edək ki, mitinq sentyabrın 20-də yerli vaxtla saat 13:30-da Brüsseldəki “Nord” qatar stansiyasında başlayacaq.

Cavid SƏFƏROV