İqtisadiyyatın inkişafına təkan


Baxıldı : 250

Tarix : 2017-01-18 22:33:02


"Azərbaycanda azad ticarət zonası fəaliyyəti təşkil ediləcək, ticarətyönümlü emal və istehsal mərkəzləri və ölkənin müxtəlif strateji ərazilərində logistika və ticarət mərkəzləri inşa ediləcəkdir. 2020-ci ilə qədər Azərbaycanda bu sahə üzrə real ümumi daxili məhsulun 605 mln. manat artacağı, bu sahədə 18 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır".

Bu barədə logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanının ərazisi də daxil olmaqla, azad ticarət zonasının fəaliyyətinin təşkili Bakının əsas regional ticarət marşrutlarına qoşulmasına və əlverişli biznes mühitinin təmin etdiyi imkanlar sayəsində regional əhəmiyyətli ticarət qovşağına çevrilməsinə imkan yarada bilər.

   Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin) rəhbəri Sabit Bağırov qəzetimizə müsahibəsində bildirdi ki, ölkədə daha əlverişli biznes mühitinin yaradılması hədəf kimi müəyyənləşdirilmişdir və bu hədəfə azad ticarət zonasında idxal-ixrac və tranzit məqsədilə həm əlverişli mühitin, həm də fiziki məkanın təmin edilməsi daxildir. Əlbəttə bu, ölkədə iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin  açılmasına ciddi töhvə verəcək. Həmçinin bu prioritet Azərbaycanı ölkə ərazisindən yük daşıyan şirkətlər üçün regional əhəmiyyətli qovşağa çevirmək məqsədi daşıyır. Ümumiyyətlə,  "Yol xəritələri" həyata keçirilərkən daha da genişlənəcək və dərinləşəcək. Bu təbiidir, çünki ölkə iqtisadiyyatı qlobal dünya iqtisadiyyatına inteqrasiya edilməkdə davam edəcək və yeni çağırışlarla üzləşəcək. Bu layihələr reallaşacağı təqdirdə, yaxın 5, 10 ildə vətəndaşlar dayanıqlı inkişaf edən və əhalinin rifahı yüksək səviyyədə təmin olunan Azərbaycanda yaşayacaqlar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin eksperti Zaur Qardaşov bildirdi ki, bütün bunlar gələcəkdə Bakını, ümumiyyətlə Azərbaycanı beynəlxalq yükdaşımalar, tranzit və logistika mərkəzinə çevirə bilər. Sərhədyanı ticarət məsələsi əvvəllər də hökumətin diqqət mərkəzində olub. Amma məhz bu məsələyə bir daha qayıdılması və onun aktuallığı bölgələrdə sivil ticarət mərkəzlərinin yaradılması məqsədindən irəli gəlir. Bunun üçün həm də idxal,ixrac və tranzit yüklərinin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı, bu sahədə digər vacib addımlar atılmalıdır. 2025-ci ildən sonrakı dövr üçün qarşıya qoyulmuş vəzifələrin bir hissəsi kimi logistika şəbəkəsinin digər rayonlarda da genişləndirilməsi davam etdirilməlidir.

Əsli ƏHMƏDOVA