“İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir”


Baxıldı : 192

Tarix : 2018-03-31 00:41:10


İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki ölkə arasında həm iqtisadi, həm hərbi, həm də siyasi münasibətlərin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan səfər çərçivəsində əldə edilən ikitərəfli mühüm razılaşmalar əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması kimi qiymətləndirilir. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsi sayıla bilər. Təkcə dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib. Məhz bu kimi mühüm faktorlar ölkələrimiz arasındakı münbit tərəfdaşlıq münasibətlərini önə çəkir.

İki ölkə arasında imzalanan sənədlər içərisində Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, İran ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişi göstərə bilərik. Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Artıq əminliklə demək mümkündür ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək və bu kimi layihələr hər iki dövlətə və xalqa fayda gətirəcək. Digər önəmli məqam isə odur ki, Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynayacaq. Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu da aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Layihə İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsi üçün halqa rolunu oynayacaq. İlk mərhələdə “Şimal-Cənub” dəhlizi ilə ildə 6 milyon ton, gələcəkdə isə 15-20 milyon ton yük nəql etmək planlaşdırılır. Yüklər Hindistan ərazisindən, sonra Fars körfəzi, İran, Azərbaycan və Rusiyadan keçməklə Şimali Avropaya cəmi 14 günə çatacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev də iranlı həmkarının Bakıya səfərini və imzalanan anlaşmaları çox müsbət dəyərləndirib. Dövlət başçısı qətiyyətlə bəyan edib ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir: “Keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində 11 dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir, çünki xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb, yaradıblar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir. Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik. İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region və hətta dünya üçün böyük əhəmiyyətə malikdir”.

Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.

Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır.

Biz bu gün digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.

Prezident Həsən Ruhani də öz növbəsində İran-Azərbaycan əlaqələrinin bütün region və dünya üçün faydalı olduğunu bildirib: “Xalqlarımızın dini, tarixi və adət-ənənələri olduqca biri-birinə yaxındır. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq, həmçinin, müştərək fəaliyyətimiz bütün regionun xeyrinədir. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır”.

Həsən Ruhaninin səfərində əhəmiyyətli məqamlardan biri də İranın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsidir. İran İslam Respublikasının Prezidenti Bakı səfərindəki çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin konkret mövqeyini bəyan edib və beynəlxalq prinsiplərin məsələnin həlli üçün alət kimi istifadə edilməsinin vacibliyini vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsi siyasi danışıqlar yolu ilə həll edilməlidir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün əsas alətə çevrilməlidir”.

Xoşbəxtlikdən iki dövlətin mədəni, siyasi və regional məsələlərə dair baxışları yalnız bir-birinə yaxın deyildir, bir çox hallarda mövqeyimiz eynidir. Biz beynəlxalq təşkilatlarda, regional məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizə dəstək veririk.

İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdır ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var. Regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur.