İrəliləyişlər əldə olunacağına ümidvarıq


Baxıldı : 96

Tarix : 2017-04-21 23:35:44


"Beynəlxalq Əmək Təşkilatı (BƏT) Misirdə son üç ildə layihələrin dəstəklənməsi yönündə 30 milyon dollar ayırıb. Bu layihələr iqtisadi inkişafa və iş yerlərinin artmasına müsbət təsir edən addımlardır. Burada həmçinin gənclərə öz proyektlərini həyata keçirmək və bizimlə birgə çalışmaq imkanı yaradılır". Bu sözləri BƏT-in Misirdəki İşçi Heyətinin direktoru Peter Van Rooji  "Daily News"a müsahibəsində deyib. O bildirib ki, hazırda Misir qanunvericiliyinin təkmilləşdirilməsi üzərində çalışır: "Əmək və həmkarlar ittifaqlarının fəaliyyəti haqqında qanun yenidən hazırlanır. Misir hökuməti BƏT-in 60-a yaxın konvensiyasını ratifikasiya edib. Bunun qanunvericiliklə üst-üstə düşməsinə nəzarət olunması, həmçinin təkliflərimizi  vermək üçün burada fəaliyyətimizi davam etdiririk. Qanunvericilikdə nəzərdə tutulan dəyişiklikəri bu ilin sonuna qədər yekunlaşdırmaq mümkündür, lakin bəzi maddələr hökumət və işəgötürən qurumlar, həmçinin bir sıra təşkilatlarla müzakirə olunmalıdır. Bu dialoqda  hədəflərimizə çatacağımıza və işçilərin hüquqlarının müdafiəsi yönündə irəliləyişlər əldə olunacağına ümidvarıq.

Biz burada təkcə maliyyə agentliyi kimi fəaliyyət göstərmirik. İşsizliyin aradan qaldırılması üçün Ticarət və Sənaye Nazirliyinə təkliflər edir, fərdi layihələrə maliyyə dəstəyi göstərir, işçilərin hüquqlarını bilməsi yönündə təlimlər keçiririk. Təhsil Nazirliyinə peşə təhsilinin dirçəldilməsi yönündə layihələr təqdim edilir. Hazırda ölkədə işsizlik səviyyəsi yüksəkdir. Buna görə də bir sıra sektorlarda xarici ölkələrin təcrübəsi və ölkədəki iş potensialı olan sahələr araşdırılaraq bu yöndə atılan addımlar dəstəklənir".

Cavid SƏFƏROV