İş yerlərinin sayı artacaq - Regionlarda


Baxıldı : 207

Tarix : 2017-02-10 23:23:58


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev  sosial məsələlər, xüsusilə də işsizliklə bağlı problemlərin həllini önə çəkdi. Ölkə başçısı bu il ictimai xidmətlər istiqamətində 42 min iş yerinin açılacağını vurğuladı. Dedi ki, görüləcək digər tədbirlər hesabına isə daha on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq.

   Ölkə başçısının bu tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək bazarı proqramı hazırlanıb icra olunur. Bu proqramların mühüm bir istiqaməti də gənclərə yönəlib. 2016-cı ildə Dövlət Məşğulluq Xidməti tərəfindən 56 631 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Onlardan 36,2 faizi, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb olunan 1 147 nəfərdən 27 faizi gənclərdən ibarət olub.

Gənclər və İdman Nazirliyi də iş planına uyğun olaraq,  gənclərin məşğulluğu ilə bağlı müxtəlif layihələr və tədbirlər hazırlayır. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, burada gənclərin məşğulluq və sahibkarlıq fəaliyyəti ilə bağlı bəndlər nəzərdə tutulub. Layihələrin təsdiqlənməsi üçün aidiyyəti dövlət qurumlarından sənədlər yığılır.

Bundan başqa, gənclərin əmək bazarına inteqrasiya imkanlarının artırılması məqsədilə davamlı olaraq maarifləndirmə tədbirləri keçirilir.

Ölkədə gənclərin məşğulluq problemlərinin həlli ilə bağlı  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun da münasibətini öyrəndik.  S.Məmmədov bildirdi ki, işsizliyin göstəricisi  gənclər arasında daha yüksəkdir. Çünki gənclər əmək bazarına gec daxil olurlar. Məsələn, Almaniyada orta məktəbi bitirən şagird iki peşəyə yiyələnir. O, ali təhsil almasa da, dərhal iş tapa bilir. Bizdə isə belə deyil. Əksər hallarda əmək bazarına ali təhsil müəssisəsini bitirəndən sonra qatılmağa səy göstərirlər. Belə olan halda isə rəqabət aparmaq daha çətin olur.

Ekspert onu da vurğuladı ki,  bu sahədə atılacaq addımlar nəticəsində ciddi irəliləyişlər gözlənilir. Problemin həlli üçün kompleks yanaşmalar lazımdır və bunlar da hazırlanır. Məsələn, Strateji Yol Xəritəsində qeydə alınmış təhsilin inkişafı, xüsusən də peşə təhsilinin inkişafı cox önəmlidir: "Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da orta məktəblərdə təhsil alan şagirdlər üçün müəyyən peşə vərdişləri və yönümü olmalıdır. Təhsilin təcrübə ilə təmaslığı bərpa edilməlidir. İxtisaslı peşə işçilərinə tələbat olduğu halda,  işçi qüvvələri xaricdən gətirilirdi, çünki yerli kadrlar yox idi. Amma peşə təhsilinin inkişafı nəticəsində bu məsələ də həll olunacaq".

S.Məmmədov dedi ki, təhsillə bərabər yeni iş yerlərinin yaradılması da əsas məsələlərdəndir:" Ölkə başçısının qeyd etdiyi kimi, aqrar sektorun  inkişafı coxlu sayda iş yerlərinin açılmasına təkan verəcək və təbii ki, burada gənclər də təmsil olunacaq. Aqrar sektor iştutumlu yerdir. Şəkər çuğundurunun, ipəkçiliyin, çayçılığın, taxılçılığın, fındıqçılığın və.s  inkişafı ilə bir çox müəssisələr fəaliyyətə başlayacaq. İpəkçiliyin inkişafı, Şəki İpək Kombinantının rekonstruksiya olunması nəticəsində  minlərlə iş yeri yarana bilər. Eyni zamanda  turizmin inkişafı, regionlarda sənaye parklarının yaradılması əmək bazarındakı gərginliyi azaldacaq, gənc kadrlarda stimul yaradacaq ki, onlar qayıdıb öz şəraitlərini regionlarda qursunlar. Proqramlar da əslində buna yönəlib".

Əsli ƏHMƏDOVA