İş yoldaşım xəstədir və öz işimi görməklə yanaşı, onun da işini görürəm


Baxıldı : 461

Tarix : 2020-09-04 14:57:50


İş yoldaşım xəstədir və öz işimi görməklə yanaşı, onun da işini görürəm. İkimizin də maaşımız eyni qədərdir. Mühasibatlıqda mənə əvəzetməyə görə maaşın 50 faizi məbləğində haqq ödəmələrini təklif etdilər, mən də razılaşdım. Amma ürəyimdə şübhə qalıb, bu, düzgündürmü?

 

Oqtay MƏMMƏDOV, Gəncə şəhəri.

 

- Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi  Əmək Məcəlləsinin 162-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Müvəqqəti əvəzetməyə görə haqq Sizə Məcəllənin tələblərinə uyğun ödənilir.

 

Müharibə zamanı orduda xidmət etmişəm və döyüşlərdə olmuşam. Eşitmişəm, bu dövr pensiya hesablananda güzəştli hesab olunmalıdır, bu, doğrudurmu?

Nurlan TEYMURZADƏ, Şabran rayonu.

- Bəli, “Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə -  ikiqat ölçüdə daxil edilir.

 

Qardaşımla mənim ümumi mülkiyyətimizdə atamızdan qalmış ev var. Bilmək istəyirəm, mənim icazəm olmadan qardaşım o evi girov qoya bilərmi?

Əfqan HƏSƏNLİ, Bakı şəhəri.

 

- Qanunvericiliyə görə, ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər.

Ümumipaylı mülkiyyətin mülkiyyətçilərindən hər hansı biri ümumi əşyaya hüquqdakı payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda, Mülki  Məcəlləyə əsasən,  digər mülkiyyətçinin satın almaqda üstünlük hüququ var.

 

Bank hesabı müqaviləsi necə bağlanılır? Bankın müştərinin pulu necə xərcləməsinə qarışmağa ixtiyarı varmı?

   

Sevinc MUSAZADƏ, Mingəçevir şəhəri.

 

- Bank hesabı müqaviləsi mütləq yazılı formada bağlanır.

Bu müqavilənin yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Belə müqavilələr  əhəmiyyətsiz sayılır.

Bank hesabı müqaviləsinə görə, bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

Qanunvericiliyə əsasən, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.