İşçi hansı halda məcburi olaraq işlədilə bilər


Baxıldı : 53

Tarix : 2019-08-30 16:50:55


İşçi hansı halda məcburi olaraq işlədilə bilər. Əgər belə olarsa, bu insan hüquqlarının məhdudlaşdırılması hesab edilirmi?

 

Cəvahir QURBANOVA,

Sumqayıt şəhəri.

 

- Məcburi əməyin qadağan edilməsi BƏT-in bir sıra Konvensiyalarında - “İcbari və ya məcburi əməkhaqqında”, “İcbari əməyin ləğv edilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” konvensiyaları ilə qadağan edilmişdir. Respublikamızda hər 3 konvensiya ratifikasiya edilmişdir.

Milli qanunvericiliyimizdə də məcburi əməyin qadağan edilməsi təsbit edilmişdir. Konstitusiyanın 35-ci maddəsində deyilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Heç kəs zorla işlədilə bilməz.

Əmək Məcəlləsinin 17-ci maddəsi “Məcburi əməyin qadağan edilməsi” adlanır. Burada qeyd edilir ki, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsində həmin məsuliyyət belə nəzərdə tutulmuşdur:

-Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə min manatdan iki min manatadək miqdarda cərimə edilir.

Lakin həm Konstitusiyada, həm də Əmək Məcəlləsində bəzi hallar qeyd edilmişdir ki, bu zaman məcburi əməyə yol verilir. Bu hallarda işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi heç bir məsuliyyət yaratmır.

Konstitusiyaya əsasən, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunda nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işləmək fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən isə hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.

Sualınızın ikinci hissəsinə yenə də Konstitusiyanın müvafiq maddəsi ilə cavab veririk:

- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

Yuxarıda qeyd etdiyimiz məcburi əməyə cəlbetmə halları Konstitusiya və qanunla (ƏM ilə) müəyyən edilmiş əsaslarla olduğu üçün bu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlbetmə heç bir vətəndaşın və ya işçinin azadlığının məhdudlaşdırılması demək deyildir.

 

Yoldaşımdan boşanmışam, aliment alıram. Məhkəmə qərarının icrası ilə əlaqədar icra tələbi aldığım alimentə yönəldilə bilərmi?

 

Sevda MƏMMƏDOVA,

Zaqatala rayonu.

- İcra hərəkətlərinin həyata keçirilməsi və icra sənədlərində göstərilən tələblərin icra olunması icra məmurları tərəfindən təmin olunur. İcra tələblərinə aid olan müddəalar, o cümlədən tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilməsi “İcra haqqında” qanunda əks olunub.

Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Ailə Məcəlləsi ilə, hansı pul məbləğlərinə icra tələbinin yönəldilə bilməməsi isə qeyd olunan qanunla nizama salınır.

Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğlərinin siyahısı adıçəkilən qanunun 68-ci maddəsində qeyd olunmuşdur.

Sizi icra tələbinin alimentə yönəldilə bilməsi maraqlandırsa da, borcluya ödənilən hansı pul məbləğlərinə tələbin yönəldilməsinə yol verilmədiyini geniş oxucu kütləsinin  nəzərinə çatdırmaq istəyirik. Bizcə, bu, oxucular üçün də maraqlı olar.

Qanunvericiliyə əsasən, tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz:

- sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə;

- xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə;

- uşağın doğulması ilə əlaqədar; çoxuşaqlı analara; tənha ata və ya anaya; pensiyaçılara, birinci qrup əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə; sağlamlığa vurulmuş ziyan nəticəsində zərərçəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə;

- ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə;

-işdənçıxarma müavinətinin məbləğinə;

-aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə.

Maddənin məzmunundan göründüyü kimi, icra tələbi alimentin məbləğinə yönəldilə bilməz.

 

İş vaxtı spirtli içki qəbul edən işçilər haqqında qanunvericilikdə nə nəzərdə tutulmuşdur? Bu haqda işəgötürən müəyyən tədbirlər görə bilərmi?

 

Səfər ƏHMƏDOV,

Bakı şəhəri.

 

- Qeyd etdiyiniz məsələ əmək və icra intizamının pozulmasıdır. Əmək intizamı işçilərin Əmək Məcəlləsi ilə, digər qanunlarla, kollektiv müqavilələrlə, sazişlərlə, əmək müqavilələri ilə və müəssisənin lokal normativ aktları ilə müəyyən edilmiş davranış qaydalarına mütləq tabe olmaları, icra intizamı isə əmək kollektivi üzvləri və ya ayrı-ayrı işçilər tərəfindən əmək vəzifələrinin, işəgötürənin əmrlərinin (sərəncamlarının, göstərişlərinin) vaxtında və düzgün yerinə yetirilməsidir.

Əmək və icra intizamının pozulması isə işçi tərəfindən əmək vəzifələrinin, kobud şəkildə pozulması deməkdir. Bu halla bağlı ƏM-in 62, 72 və 186-cı maddələrində danışılır.

ƏM-in 62-ci maddəsində müəssisələrdə baş verən belə hallara qarşı işəgötürən tərəfindən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işçinin müvafiq iş vaxtı ərzində işdən kənar edilə biləcəyi hallar və bunun hüquqi nəticələri sadalanır.

Maddənin 1-ci hissəsinin “a” bəndinə əsasən, işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop toksin və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda işəgötürən mülkiyyətçinin və işçinin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə həmin işçiləri müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Bu zaman hər bir konkret hal üçün işəgötürən tərəfindən müvafiq sübutlar toplanaraq rəsmiləşdirilməlidir. İşçi işdən kənar edildikdə işəgötürən işçinin belə hərəkətlərini əsaslandıran akt tərtib etməlidir. Həmin işçiyə aktı imzalamaq təklif olunur. Bəzi hallarda işçi aktı imzalamaqdan imtina edir. Bu barədə aktda müvafiq qeyd aparılmalıdır. Sonra işdən kənar edilmə işəgötürənin əmri (sərəncamı, qərarı) əsasında həyata keçirilir.

İşçinin sərxoş vəziyyətdə olması faktı tibbi rəylə, şahid ifadələri, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlərlə təsdiqlənməlidir. Bu zaman həmin işçilərə əməkhaqqı verilmir.

Qanunvericilik işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop toksin və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlişi və ya işə gəldikdən sonra həmin maddələri qəbul edərək sərxoş vəziyyətdə olmasını ƏM-in 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar siyahısına da daxil etmişdir. 72-ci maddəyə əsasən, həmin hallara görə işəgötürənin hüququ vardır ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin.

ƏM-də həm də əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri də nəzərdə tutulmuşdur.

 İntizam tənbehlərindən biri də əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsidir ki, bu zaman nəzərə alınan hal əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır.

Qanunvericiliyin qeyd etdiyimiz tələblərinə əsasən bildiririk ki, işəgötürənə məlumat verilsə, həmin işçilər haqqında hər hansı bir intizam tənbehi vermək, işdən kənarlaşdırmaq və ya onlarla bağlanmış əmək müqaviləsinə xitam vermək kimi tədbirlərdən biri görülə bilər.