İşçi sinfin sağlamlığını qorumaq üçün


Baxıldı : 67

Tarix : 2017-04-14 22:52:11


İndustriALL Qlobal İttifaqının nümayəndə  heyəti təhlükəli asbest maddəsinin ticarətinin dayandırılması kampaniyasi çərçivəsində aprelin 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Kimyəvi Maddələrin Ticarəti haqqında "Rotterdam Konvensiyası"nın idarəçi katibi Rolf Payetlə görüşüb. Müzakirələrdə maddənin ölümcül təhlükə saçdığı diqqətə alınaraq bir qərar verilməsi təklif edilib. Təkliflərin bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyi də nəzərə çatdırılıb. "Rotterdam Konvensiyası"nın 22 maddəsinin dəyişdirilərək asbest maddəsinın ticarətinə veto qoyulmasının vacibliyi vurğulanıb.

Görüşdə İndustriALL-ın katibi Kamal Özkan deyib ki,  ittifaqın məqsədi asbest maddəsi üzərində qlobal  qadağaya nail olmaqdır: "Bunun üçün hazırkı müzakirələr əla fürsətdir. Başlatdığımız kampaniya çərçivəsində keçirilən səsvermədə 75 faizlik çoxluq fikrimizi dəstəkləyir. Asbest maddəsinin elmi kriteriyalar nəzərə alınaraq həyati təhlükə yaratdığı təsdiqlənib. Lakin maliyyə gəlirləri nəzərə alınaraq məhsulun alqı-satqısına qadağa qoyulmur. Mənfəəti hər şeydən üstün tutanlara qarşı işçi sinfinin sağlamlıq və təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik".

R. Payet məsələ ilə bağlı bildirib ki, "Rotterdam Konvensiyası" siyahıya alınan kimyəvi maddələrin ticarətinə veto qoyulması ilə bağlı bir sənəd deyil: "Əgər hər hansı bir maddənin istifadəsinə və ticarətinə qadağa  əksər ölkələr tərəfindən qəbul edilərsə, bu, digər dövlətlərə yönləndirilir və səbəblər göstərilir. Amma yenə də mayın 5-də Cenevrədə keçiriləcək görüşlərdə Konvensiyanın 22 maddəsinə dəyişiklik edilməsi haqda son qərar veriləcək".

Qeyd edək ki, İndustriALL Qlobal İttifaqı və ona üzv həmkarlar ittifaqı təşkilatları bu kampaniyanı dəstəkləmək üçün bir sıra ölkələrə müraciət ediblər.

C. Səfərov