İşçilər hüquqlarını bilməli və müdafiə olunmalıdırlar


Baxıldı : 70

Tarix : 2019-12-07 17:14:47


Dekabrın 5-də Ankara Böyük Anadolu Otelində “Türk-İş” həmkarlar ittifaqı təşkilatının 23-cü Baş Assambleyası öz işinə başlayıb. Dekabrın 7-də başa çatacaq konfransda qeyri-hökumət təşkilatı rəhbərləri, “Türk-İş”ə üzv olan təşkilatların nümayəndələri və çox sayda işçi iştirak edir. “Türkiyədə Türk İş var” və “Əməyimizdən və vətənimizdən imtina etmərik” şüarı ilə təşkil edilən tədbirdə qurumun Baş katibi Pevrul Kavlak giriş nitqi söylədi. O, “Türk-İş”in əhatəsində birləşən bütün üzvləri salamladı.

 

Baş katibin açılış nitqindən sonra çıxış edən “Türk-İş”in sədri Ergün Atalay qurumun, üzvlərinin sayına görə, Türkiyənin ən böyük təşkilatı olduğunu açıqladı. Bildirdi ki, hazırda 1 milyon üzvümüz var və yaxın 4 ildə bu rəqəmi 1,5 milyona çatdırmağı hədəfləyirik.

Davam edən minimum əməkhaqqı danışıqlarına toxunan E. Atalay “Hak-İş” və DİSK-in bu mövzuda fikirlərini aldığını xatırladıb: “Bir insanın yaşayış minimumu 2578 türk lirəsidir. Bundan aşağı hər hansı bir rəqəm üzərində razılıqdan söz gedə bilməz. İşdən çıxarılma zamanı təzminat ödənilməyən üzvlərimiz var. Bu barədə tənzimləmələrin aparılması üçün hər cür dəstəyə hazırıq”.

E. Atalay pensiya yaşının təyini ilə bağlı mövzuya  toxunaraq bildirib ki, öncə qeyri-formal məşğulluğun faizini azaltmalıyıq. Hazırda bu rəqəm 35 faizdir. Bununla bağlı addımlar atılarsa, qeyri-formal məşğulluqda çalışanlar qeydiyyata alınacaq, nəticədə vergi ödənişləri artacaq. Hazırda 17 milyonluq işçinin, sadəcə, 2 milyonu həmkarlar  ittifaqı təşkilatlarının üzvüdür. Bununla bağlı məsuliyyət hökumətin, işəgötürənlərin və bizim üzərimizə düşür.

E. Atalay Somada 301 mədənçinin həyatını itirməsini xatırladaraq əmək qəzalarını və görülməli işləri  diqqətə çatdırdı.

Ticarət mərkəzlərində çalışan işçilərin hüquqlarının qorunmasından söz açan E.Atalay ölkədə 300 ədəd böyük ticarət mərkəzində 500 minə yaxın işçinin çalışdığını bildirib. Gündəlik 10 saatdan çox çalışmalı olan bu işçilər hüquqlarını bilməli və müdafiə olunmalıdırlar.

İrqçiliyin sağalmaz yara olduğunu deyən E.Atalay Suriyadan ölkəyə gələn qaçqınların vəziyyəti ilə bağlı araşdırma aparıldığını və yaxın zamanda bütün müəssisə və təşkilatlarla da nəticələrin paylaşılacağını  deyib.

23-cü Baş Assambleyada, beynəlxalq həmkarlar təşkilatının nümayəndələri də daxil olmaqla, 40-a yaxın xarici qonaq iştirak edir.