İşçilər pulsuz yeməklə də təmin olunur


Baxıldı : 47

Tarix : 2019-02-11 04:51:08


“Akkord Tekstil” MMC-nin Ağstafa rayonunda yerləşən fabrikində işçi geyimləri, mühafizə dəsti, kişi və qadın paltarları, məktəbli geyim formaları, müxtəlif  uniformalar, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələri üçün geyimlər tikilir. Müəssisənin istehsal etdiyi geyimlər Rusiya, Avropa və Şərq ölkələrinə ixrac olunur.

“Akkord” MMC Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Seyfəddin Ağayev deyir ki, bu MMC bizim ittifaqın xidmətindədir. Hazırda Ağstafada yerləşən fabrikdə 61 nəfər işçi çalışır. Onların 98 faizi gənc qadınlardır. Hamısı da həmkarlar ittifaqı təşkilatının üzvüdür.

Kollektiv müqavilədə götürülən öhdəliyə müvafiq olaraq işçilər həkim məsləhəti və nəzarəti ilə təmin olunurlar. Müəyyən profilaktik tədbirlərdə əməyin mühafizəsi məsələləri ciddi araşdırılır, çatışmazlıqlara xüsusi diqqət yetirilir. Təhlükəsiz əmək şəraitinin yaradılması həm müəssisə rəhbərliyinin, həm də bizim ciddi nəzarətimizdədir. Fövqəladə Hallar Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları yenilənmiş, həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmış, bütün işçilər üçün vəzifə təlimatları hazırlanmış və təsdiq edilmişdir.

İşçilərin sağlamlığı da diqqət mərkəzindədir. Sanatoriya-kurort yollayışları onların sağlamlığında mühüm əhəmiyyət daşıyır. Maddi yardımlar da edilir. İmkansız ailələrə və demək olar ki, uşaqları məktəbə gedənlərə pulsuz məktəbli formaları verilir. Maaşları vaxtında ödənilir.

İşçilərin asudə vaxtı da HİK-in diqqətindən kənarda qalmayıb. Onlar üçün nahar və çay tənəffüsləri nəzərdə tutulub. Qeyd edim ki, fabrikdə işləyənlər pulsuz yeməklə də təmin olunurlar. Həmkarlar ittifaqı komitəsinin səmərəli fəaliyyəti kollektivin daha yaxşı işləməsinə şərait yaradır. İşçilərin maddi rifah halının yaxşılaşmasına xidmət edir.

Əhəd İBADOV