“İşçilər üçün daha ədalətli Avropa”


Baxıldı : 39

Tarix : 2019-06-07 12:10:28


May ayının 21-dən 24-dək Avstryanın paytaxtı Vyana şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 14-cü qurultayı keçirildi. Qurultaya Avropanın 38 ölkəsindən 90 milli həmkarlar ittifaqı mərkəzini təmsil edən 600 nümayəndə qatılmışdı. Tədbirdə Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Portuqaliyanın Baş naziri Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqliz və digər mötəbər qonaqlar iştirak edirdi. Budəfəki qurultayın əsas şüarı “İşçilər üçün daha ədalətli Avropa” idi.

Qurultayı giriş sözü ilə açan AHİK-in  prezidenti Rudy De Leu bildirdi ki, təşkilatımız Avropada işçiləri uğurla təmsil edir. Avropa Komissiyası və Avropa Sənayeçilər və İşəgötürənlər Konfederasiyası ilə sosial dialoqu aparır.

O, bu gün Avropada həmkarlar ittifaqı təşkilatlarının üzləşdiyi problemlərdən, qarşıda duran çağırışlardan danışdı. Qeyd etdi ki, hazırda Avropada 25 milyondan artıq insan əlverişli iş şəraitində çalışmır, layiqli əməkhaqqı almır. Əsas məqsədimiz Sosial Avropanı qurmaqdır.

Sonra Avstriya Respublikasının  Federal Prezidenti Aleksander Van der Bellen çıxış edərək son günlər ölkəsində yaranmış siyasi böhran haqqında məlumat verdi. Həmkarlar ittifaqı təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışdı: “Həmkarlar ittifaqı təşkilatları hər bir ölkədə sülh, demokratiya, insan haqları üçün mübarizə aparır. Həmkarlar ittifaqı təşkilatının cəmiyyətdə yerini və rolunu gözəl anlayıram. Keçən əsrin 60-cı illərini universitet həmkarlar ittifaqı təşkilatının sədri olduğum dövrü məmnunluqla xatırlayıram”.

Prezident mayın 26-da keçiriləcək Avropa Parlamentinə seçkilərlə bağlı danışaraq həmkarlar ittifaqı təşkilatlarını bu seçkilərdə aktiv olmağa çağırdı. Qeyd etdi ki, bu gün siyasi qüvvələr arasında gərgin mübarizə gedir. Avropa Parlamentinə keçiriləcək seçkilər qitənin gələcəyini müəyyənləşdirəcək. Seçkilərin nəticələri yalnız həmkarlar ittifaqı təşkilatlarına deyil, cəmiyyətin bütün təbəqələrinə təsir edəcək. Bu gün Avropa vətəndaşını düşündürən əsas məsələlər layiqli əməkhaqqı, əmək hüquqlarının müdafiəsi, tibbi sığorta sisteminin təkmilləşdirilməsi və pensiya məsələləridir.

Çıxışının sonunda Prezident həmkarlar ittifaqı təşkilatlarını Avropanın gələcəyi üçün əməkdaşlığa səslədi.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini çıxışında bildirdi ki, bu gün Avropa sosial modeli, ümumiyyətlə, Avropada demokratiya risklərlə üz-üzədir. Çünki sosial cavabdehlik anlayışı yox olmaqdadır. Hökumətlər yalnız “azı” yox, “çoxu” müdafiə etməlidir. O bildirdi ki, həmkarlar ittifaqı təşkilatlarının yeni kollektiv müqaviləyə ehtiyacı var. Baş katib son günlər Avropada hakim sağ partiyanın iflasından, onların yarıtmaz siyasətindən danışdı. O qeyd etdi ki, həmkarlar ittifaqı təşkilatları önümüzdəki parlament şeçkilərində diqqətli olmalı, sosial ədalət uğrunda mübarizə aparan sol partiyaları dəstəkləməlidir. Bütün demokratik partiyalar daha ədalətli və sosial bir Avropa yaratmaq üçün səylərini artırmalıdır.

Əminəm ki, nümayəndələrin, üzv təşkilatların və qonaqların iştirakı ilə aparılan müzakirələrdən, çıxışlardan sonra sizin töhfənizlə biz gələcəkdə bütün Avropanın işləyən insanlarının böyük çətinliklərini həll edə biləcək güclü və vahid AHİK yaradacağıq.

Avropa Kommissiyasının Prezidenti Jan-Klod Yunker Avropada sosial tərəfdaşlıqdan, həmkarlar ittifaqı təşkilatlarının bu prosesdə rolundan danışdı. O, yalnız yeni iş yerləri yaratmaqla Avropa iqtisadiyyatının güclənəcəyini bildirdi.

Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder öz növbəsində sosial dialoqun gücləndirilməsi, beynəlxalq əmək hüquqlarının, konvensiyalarının tətbiqi üçün hökumətlərin öhdəliklərini xatırlatdı.

Qurultayda digər mötəbər qonaqların da çıxışlarından sonra təşkilatın fəaliyyət hesabatı təqdim olunaraq müzakirə edildi.

Növbəti dövr üçün fəaliyyət planı təsdiq edildi, seçkilər keçirildi. Luka Visentini yenidən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) Baş katibi seçildi.

Tədbirdə Azərbaycan həmkarlar ittifaqlarını AHİK-in sədr müavini Aqil Dadaşov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov təmsil edirdi. Qurultay ərəfəsində Avropa milli həmkarlar ittifaqları mərkəzləri ilə görüşlər keçirildi, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olundu.