“İşçilərimizin sağlamlığı ciddi nəzarətdə saxlanılır”


Baxıldı : 43

Tarix : 2018-11-23 21:28:58


Noyabrın 16-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin akt zalında Aviasiya İşçiləri Həmkarlar İttifaqı (AİHİ) Respublika Komitəsinin II plenumu keçirilmişdir. Respublika Komitəsinin sədri Bəkir Yusifov tədbiri açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır. Bəkir müəllim dedi ki, sahə işçilərinin sağlamlığı ciddi nəzarətdə saxlanılır. Təşkilatımızın müvafiq komissiyaları tərəfindən bu məsələ ilə əlaqədar müntəzəm yoxlamalar aparılır, sorğular keçirilir, əldə olunan nəticələr müdiriyyətlə birlikdə müzakirə edilir. Bu da təsadüfi deyil. Aviasiya işçilərinin sağlamlığı yüzlərlə insanın mənzil başına salamat çatması deməkdir.

Sonra təşkilati məsələyə baxıldı. Plenumun və Rəyasət Heyətinin tərkibində dəyişikliklər təsdiq edildi.

“Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi-Sanitar İdarəsi Aviasiya Poliklinikasının tibbi personalı tərəfindən aviasiya işçilərinə son iki ildə göstərilən tibbi-sanitar xidmətin vəziyyəti barədə” məruzəsi dinlənildi. Məruzə ilə çıxış edən tibbi-sanitar idarənin rəisi Zakir Bəşirov öncə xidmət göstərdikləri müəssisələrin siyahısını açıqladı. Bildirdi ki, bu müəssisələrdə çalışan işçilərin və onların ailə üzvlərinin sağlamlığı naminə çoxistiqamətli işlər görülür. Aviasiya personalının tibbi müayinəsi təşkil olunur. İşə qəbul olunan hər bir işçinin sağlamlıq vəziyyəti yoxlanılır. Eləcə də personal uçuşdan, növbədən əvvəl, sonra tibbi müayinə olunur. Sağlamlığında problemlər yaranan işçilərə tibbi yardım göstərilir. Ambulator müalicə alanlar da olur. Tibbi reabilitasiyanın keçirilməsi və sanator-kurort müalicəsinin təyinatı, sanitar-gigiyenik, əks epidemik və iş yerlərinin attestasiyası da fəaliyyətimizin tərkib hissəsidir. İdarəmizin əməkdaşları həmçinin dezinfeksiya, derinseksiya işlərini də yerinə yetirmişlər.

Z.Bəşirov plenum üzvlərinə tibbi xidmətin təşkilində daha yaxından köməklik göstərən müəssisələrin adlarını çəkdi. Dedi ki, xəstəlik vərəqələri üzrə işçilərin tutulduğu xəstəliklərin təhlili aparılmışdır. Müşahidə edilmiş xəstəliklərin müalicəsi, onlara qarşı profilaktik tədbirlər gücləndirilmişdir.

Məruzə ətrafında “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportunun HİK sədri Nurəddin Orucov, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin HİK sədri Mübariz Əsədov, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin HİK sədri Vaqif Məmmədov, Respublika Komitəsinin sağlamlığın mühafizəsi üzrə mütəxəssisi Məlahət Məmmədova, “Azaloyl” Yanacaq-Sürtkü Materialları İdarəsinin HİK sədri Qəmbər Məmmədov çıxış etdilər.

Müvafiq qərar qəbul olundu.

Respublika Komitəsinin 2019-cu il üçün büdcə xərcləri və ştat cədvəli təsdiq edildi.