İşçilərin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin qorunması istiqamətində bir sıra işlər görülüb


Baxıldı : 42

Tarix : 2018-12-01 06:01:00


Noyabrın 23-də “Xidmət-İş” Həmkarlar İttifaqları (Hİ) Federasiyasının III Məclisi keçirilib. Tədbiri açan “Xidmət-İş” Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Əliyev Federasiyanın IV qurultayından sonrakı dövrdə görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Deyib ki, ötən müddət ərzində Federasiya sahə işçilərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin qorunması, keyfiyyətli iş yeri, layiqli və ədalətli əməkhaqqının təmin olunması istiqamətində bir sıra işlər görüb.  

İlyas müəllim bildirib ki, hazırda Federasiyamızda 45 minə yaxın üzvü birləşdirən 680 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir, bunlardan 223-ü ilk təşkilatdır. Bu dövr ərzində 12 təşkilat və müəssisədə ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, sıralarımıza 355 nəfər işçi qəbul olunub.

Qeyd olunan müddətdə Federasiyaya üzvlər tərəfindən edilən müraciətlərə operativ reaksiya verilmişdir. Onların təxminən 90 faizi müsbət həll olunmuşdur.

Federasiya tərəfindən hesabat dövrü ərzində çoxsaylı seminar və dəyirmi masalar təşkil olunmuş, ölkə daxilində və xaricində keçirilən beynəlxalq tədbirlərdə nümayəndələrimiz fəal iştirak etmişlər. Üzvlərimiz eyni zamanda Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan həmkarlar ittifaqı kadrlarının hazırlanması və ixtisasartırma kurslarında ixtisas bacarıqlarını artırmışlar.

Federasiyanın texniki əmək müfəttişləri rayon komitələrinin xidmətində olan müəssisələrdə əməyin mühafizəsi sahəsindəki tələblərin icrasını yoxlayarkən əmək və kollektiv müqavilələrin düzgün bağlanmasına və icrasına xüsusi diqqət yetiriblər.

İşəgötürənlərlə sosial dialoq intensivləşdirilib. Lakin bu sahədə hələ də bəzi problemlər qalmaqdadır. Həmçinin üzvlük haqlarının yığılmasında əksər üzv təşkilatlarımızda çətinliklər var.  

İlyas Əliyev bildirib ki, ötən müddət ərzində də Federasiya beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində fəaliyyətini davam etdirib. Bir sıra xarici ölkə həmkarlar ittifaqı birlikləri ilə yeni işgüzar əlaqələr qurulub.

Federasiya həmçinin gender bərabərliyinin təmin olunması və gənclər siyasətinin uğurlu təşviqi üçün ölkəmizdə həyata keçirilən tədbirlər sistemində də aktiv şəkildə iştirak edir. Bunun nəticəsidir ki, sıralarımızda 22 mindən çox qadın və 21 mindən artıq gənc var. Seçkili orqan üzvləri arasında qadınların sayı 30 faizdən çoxdur. İlk həmkarlar ittifaqı sədrlərinin 42,3 faizi zərif cinsin nümayəndələri, 11 faizi isə gənclərdi. Rəhbərlikdə təmsil olunan qadınların sayı 74,6 faizdir.

Federasiya tərəfindən həmçinin sahə həmkarlar ittifaqı üzvlərinin istirahəti və sağlamlığının bərpasının  təşkili ilə bağlı  bir sıra tədbirlər həyata keçirilib.

İlyas müəllim nəzərə çatdırıb ki, üzv təşkilatların yaranması, həmkarlar ittifaqı üzvlərinin sayının artması şəhər, rayon, ilk həmkarlar ittifaqı təşkilatlarının, həmçinin sahə həmkarlar ittifaqının güclənməsi və nüfuzunun artması deməkdir. Bunun üçün ilk növbədə motivasiya, maarifləndirici işlər aparılmalıdır ki, sıralarımıza daha çox insan qoşulsun.

Federasiya prezidenti gələn ildən ölkəmizdə qeyri-formal məşğulluğa qarşı köklü islahatların həyata keçiriləcəyini deyib. 

Məruzədən sonra çıxış edənlər görülən işlərdən və mövcud problemlərdən danışıblar.

Daha sonra təşkilati məsələlərə baxılıb.

Sonda gündəliyə çıxarılmış məsələ üzrə müvafiq qərar qəbul olunub.