İşçilərin hüquqları cəsarətlə qorunur


Baxıldı : 54

Tarix : 2017-09-30 00:02:50


Fövqəladə Hallar Nazirliyi İşçiləri  Həmkarlar İttifaqının üzv təşkilatları olan Mülki Müdafiə Qoşunları Komandanlığı və Tibb Xidmətinin həmkarlar ittifaqı komitələrinin hesabat-seçki konfransları keçirilmişdir. Hər iki tədbirdə nazirliyin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış etmişdir. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının sahə, şəhər, rayon və ilk təşkilatlar qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işləri diqqətə çatdırmışdır. Demişdir ki, sahə işçilərinin əmək, sosial, istirahət hüquqları üzv təşkilatlarımız, o cümlədən sizin həmkarlar ittifaqları tərəfindən cəsarətlə qorunur. Müəssisə rəhbərliyi ilə sıx əməkdaşlığınız həmkarlar ittifaqı komitələrinin fəaliyyətini daha da səmərəli edir.

M.İsmayılov üzv təşkilatlarla ittifaq arasında mövcud əlaqələrin, qarşılıqlı işləməyin ümumi işə gətirdiyi faydaları da yüksək dəyərləndirdi.

Hər iki konfransda HİK sədrlərinin hesabatları dinlənildi. Mülki Müdafiə Qoşunları Komandanlığı İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Xanlar Əliyev məruzədə bildirdi ki, işimizi əsasən nazirlik işçilərinin həmkarlar ittifaqının qərarları, tövsiyələri əsasında qurmuşuq. Hər ilin əvvəlində hazırlanmış tədbirlər planına uyğun olaraq dövlət, milli, dini bayramlar, əlamətdar günlər, veteranların yubileyləri təntənəli şəkildə qeyd edilir. İstehsalatda uğurlu nəticələr qazanmış işçilər mükafatlandırılır, veteranlara hədiyyələr verilir. Aztəminatlı və ehtiyacı olan əməkdaşlara maddi yardımlar göstərilir.

Natiq bildirdi ki, işçilərin asudə vaxtlarının təşkili də iş planında əksini tapıb.

Tibb Xidməti İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Əliağa Şıxlinskinin təqdim etdiyi hesabat məruzəsində də ötən illərdə göstərilən fəaliyyətin geniş təhlili verildi. Sahə işçilərinin sağlamlığının keşiyində duran müqəddəs peşə sahiblərinə göstərilən qayğıdan, qarşıda duran vəzifələrdən danışıldı.

Konfranslarda Mülki Müdafiə Qoşunları Komandanlığı adından idarə rəisi, polkovnik Tariyel Rüstəmov, Tibb Xidmətinin rəisi İlham Allahverdiyev çıxış edərək həmkarlar ittifaqı komitələrinə işçilərin əmək və sosial maraqlarına məsuliyyətlə yanaşdıqlarına görə təşəkkürlərini bildirdilər.

Sonda Xanlar Əliyev Mülki Müdafiə Qoşunları Komandanlığı İşçiləri HİK-in sədri, İlham Əyyubov Tibb Xidməti İşçiləri HİK-in sədri seçildilər.

 

 

Azər MUSTAFAYEV