İşçilərin hüquqları ən çox tikinti sahəsində pozulur


Baxıldı : 46

Tarix : 2017-11-04 04:31:45


Ölkədə qeyri-leqal əmək münasibətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Dövlət agentliyindən verilən məlumata görə, bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 12 səyyar monitorinq həyata keçirilib. Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 386 işçidən 250-sinin müqavilə ilə, 136-sının isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 35%-də əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetimizə verdiyi müsahibədə monitorinqdə göstərilən rəqəmlərə şübhə ilə yanaşdığını bildirdi: "35 faiz çox kiçik rəqəmdir, əgər söhbət tikinti sahəsindən gedirsə, orada əmək müqaviləsiz işləyən işçilərin sayı 70 faizdən yuxarıdır. Məsələ ondadır ki, sahibkarlar vergi və sosial məsuliyyətdən yayınmaq məqsədilə bunu edirlər".

Ekspert vurğuladı ki, əmək müqaviləsinin olmaması o deməkdir ki, işçi heç nədən sığortalanmayıb. Müqavilə imzalamamaq həm dövlət, həm də işçi üçün ciddi fəsadlar törədir. Lakin bunun ağırlığı ən çox işçinin üzərinə düşür.

Liqa sədri işçi ilə müqavilə imzalamayan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri haqqında da məlumat verdi.

Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqlarının tam təmin olunması və iş zamanı sağlamlıqlarının qorunması ilə nəticələnəcək.

Ekspert problemin həllini yalnız bütün işəgötürənlərə, fərq qoymadan,  qanunun sərt tətbiq olunması və həyata keçirilməsində görür. 

Günel QULİYEVA