İşçilərin hüquqlarının müdafiəsi əsas məqsəddir


Baxıldı : 38

Tarix : 2017-12-27 18:50:50


“Həmkarlar ittifaqları yeni ictimai sistemin təşəkkül etdiyi bir dövrdə vətəndaşların sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının qorunmasında vacib bir təsisatdır."

(2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətlərindən)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeorologiya, gealogiya, balıqartırma,  biomüxtəlifliyin qorunmasında, meşəsalma və bərpası sahəsində, Xəzər dənizi akvatoriyasında, milli parklarımızın yaradılmasında böyük xidməti var. Bu sahələr inkişaf etdikcə işçilərin iş şəraiti yaxşılaşır, qurumların maddi-texniki bazası güclənir, gənc mütəxəssislərin yetişdirilməsinə şərait yaranır. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Həmkarlar İttifaqı Komitəsinin sədri Nazim Hümbətov bildirdi ki, respublikada ətraf mühit üzrə monitorinq sistemi təkmilləşdirilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin laboratoriyaları ən müasir cihazlarla təchiz olunmuşdur. Qonşu dövlətlərdən ölkə ərazisinə axan və işğal olunmuş ərazilərdən daxil olan çaylarda suyun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə Qazax və Beyləqan rayonlarında müasir analitik tətqiqatlar laboratoriyaları yaradılmış, ən müasir səviyyədə fəaliyyətləri təmin edilmişdir. Laboratoriyalarda işçilərin iş şəraitinin yaxşılaşdırılması, tibbi dövri müayinədən keçmələri, onların xüsusi geyimlə təmin olunması, həmçinin zərərli iş şəraitində işləyənlərə süd və süd məhsullarının verilməsi təmin olunmuşdur.

Fəaliyyətimizin əsas istiqaməti işçinin həyat səviyyəsidir. Yalnız güclü və nüfuzlu həmkarlar ittifaqları ona olan etimadı doğrulda bilər. İşçilərin hüquqlarını daha yaxşı müdafiə etmək üçün güclü olmağa çalışırıq. Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi gəzintilərdə işçilərin iştirakı təmin edilmişdir. sanatoriyalarda müalicə alması üçün göndəriş vərəqələri verilmişdir. HİK-ə ərizələrlə müraciət edən işçilərə maddi yardım göstərilmişdir. Qurultaydan ötən müddətdə bayram tədbirləri yüksək səviyyədə keçirilmişdir. Həmkarlar ittifaqımız bu gün ölkəmizdə aparılan gender bərabərliyi və qadın hüquqlarının müdafiəsində, qadın problemləri üzrə milli proqramın həyata keçirilməsi prosesində fəal iştirak edir. Müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün qorunması üçün, respublikanın ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün biz həmkarlar təşkilatı əlimizdən gələni etməliyik.

Əhəd İBADOV