İşçilərin iş şəraiti, sağlamlığı nəzarətdə saxlanılır


Baxıldı : 33

Tarix : 2020-01-10 15:09:31


“Biz sizinlə, gündəliyi təqdim edərkən dediyimiz kimi, xidmət sahəmizə daxil olan müəssisələrdə ittifaq üzvlərinə yaradılmış iş şəraiti, onların müalicəsinin, istirahətinin təşkili, əməklərinin mühafizəsi sahəsində  görülmüş işləri nəzərdən keçirəcək, qarşıda duran vəzifələri müəyyənləşdirəcəyik”. Bu sözlər “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin IV Məclisinə hesabat məruzəsində səsləndi. Hesabat məruzəsi ilə çıxış edən Birliyin sədri Əliqulu Quliyev etiraf etdi ki, üzvlərimizin çalışdıqları istehsalat həm ekoloji, həm əməyin təhlükəsizliyi, həm də işçilərin sağlamlığı baxımından daim nəzarət və diqqət tələb edən sahələrdəndir. Ona görə də biz, həmkarlar ittifaqı olaraq, fəaliyyətimizdə bu məsələyə xüsusi yer ayırırıq. İşəgötürənlə bağladığımız kollektiv müqavilənin üç fəslində məhz işçilərin sosial-məişət, iş şəraiti, onların istirahətinin, məzuniyyət vaxtlarının təşkilinə dair öhdəliklər əksini tapıb. Bu sənəddə işəgötürən işçilərin icbari sığortası, onların istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək fəaliyyətini itirməsi hallarından icbari sığorta olunması öhdəliyini üzərinə götürmüşdür.

Həmkarlar ittifaqı komitəsi işçilərin xəstələnmə hallarının aşağı salınmasına yönəldilən tədbirlərin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir.

Şirkətin tibb məntəqəsinin hər ay təqdim etdiyi xəstəlik vərəqələrinin qeydiyyat jurnalına əsasən, hər bir xəstəlik halı tərəfimizdən araşdırılır. Xəstə Həmkarlar İttifaqı Komitəsinə dəvət olunur. Xəstələnmənin səbəbləri öyrənilir. Sonra onlara aidiyyəti üzrə hansı sanatoriyada müalicə alması üçün ərizə ilə müraciət etməsi təklif olunur.

2019-cu il ərzində sanatoriyalara müalicə üçün 80 nəfər işçimizi, istirahət bazalarına 46 nəfəri ailəsi ilə birlikdə yollayışlarla təmin etmişik.

Onu da deyim ki, əlillərə, müharibə iştirakçılarına, ağır xəstəlik keçirən işçilərə yollayışlar pulsuz verilmişdir.

Müəssisənin işçiləri ağır vəziyyətdə xəstələndikdə, cərrahiyyə əməliyyatlarına məruz qaldıqda, müvafiq sənədlər əsasında zavodun müdiriyyəti imkan daxilində onlara maliyyə yardımları göstərmişdir. Həmçinin xəstəxanalarda xəstələrə HİK rəhbərləri tərəfindən baş çəkilmişdir.

İşçilərimiz müntəzəm olaraq tibbi-həkim müayinəsindən keçirlər.

Tibb məntəqəsinin hər ayın nəticələrinə görə təqdim etdiyi arayışların statistikasını analiz edərkən aydın olur ki, şirkətin işçiləri arasında xəstələnmə halları ildən-ilə azalır.

Əgər 2018-ci ildə bülletenlərin ümumi sayı 399 ədəd idisə, bu rəqəm 2019-cu ildə 289-a bərabərdir, 110 nəfər azalma vardır.

Bu fakt bir daha onu göstərir ki, HİK və “Baku Stil Kompani” rəhbərliyi işləyənlərin sağlamlığının mühafizəsi üçün əməli işlər görürlər.

Rəhbərlik, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi  Şöbəsi və həmkarlar ittifaqı komitəsi son 3 ildə iş yerlərində əmək şəraitinin birgə monitorinqlərini keçirir.

Monitorinqlərdə müşahidə edilən vəziyyətə uyğun olaraq tədbirlər planı hazırlanır. Yaxşı haldır ki, tərəfdaşlarımızın iştirakı ilə tədbirlər planında nəzərdə tutulmuş məsələlər dəqiq yerinə yetirilir. Əlbir fəaliyyətin nəticəsidir ki, 2017-2019-cu illər ərzində xidmət sahəmizə daxil olan müəssisələrdə Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırılan cəmi 2 hadisə baş vermişdir.

İşçilərin sağlamlıqlarının rəhni kimi əsas amillərdən biri də bədən tərbiyəsi və idmandır. Ötən il idmançılarımız “Zenit” İdman Cəmiyyətinin keçirdiyi XIII Spartakiadada iştirak etmişlər.

Sağlamlığın qorunmasında qidalanma amilinin də böyük rolu vardır. Həmkarlar ittifaqı komitəsi, şirkətin İnzibati şöbəsi və Tibb məntəqəsinin həkimləri daimi olaraq yeməkxanalarımızda ağır və zərəli şəraitdə çalışan işçilərimizə göstərilən iaşə xidmətini öz nəzarətlərində saxlayırlar. Müalicə - profilaktik yeməklər əvvəlcədən təsdiq olunmuş menyular üzrə, mövsümlərin dəyişməsindən asılı olaraq, yaz-yay, payız-qış rasionları əsasında işçilərimizə verilir. Ağır və zərərli iş şəraiti ilə əlaqədar olaraq işçilərimiz süd və süd məhsulları ilə təmin edilirlər. Alınan ərzaqların keyfiyyəti yüksək səviyyədədir.

Yeməkxanalarda keçirdiyimiz monitorinqlər zamanı aşkar olunmuş nöqsanlar barədə aktlar tərtib olunmuş, yeməkxana rəhbərliyinə təqdim olunmuş və çatışmazlıqlar aradan qaldırılmışdır.

İşəgötürənlərin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsi, istehsalat qəzalarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinə cəlb etmək məqsədilə “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü”, “7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü”, “5 İyun - Ümumdünya Ətraf Mühit Günü” qeyd edilmişdir, baxış - müsabiqələr keçirilmişdir.

Son 3 ildə baxış - müsabiqələrin qalibləri sırasında “Baku Stil Kompani” MMC, “Bakı Oksigen” ASC və “MAİDƏ” MMC-nin kollektivləri də olmuşdur.

Məruzədə səsləndirilən məsələlərə Məclis iştirakçıları münasibət bildirdilər. Sonda müvafiq qərar qəbul olundu.

Məclis təşkilati məsələyə də baxdı.