İşçilərin maarifləndirilməsi və stimullaşdırılması çox vacibdir


Baxıldı : 189

Tarix : 2019-06-07 08:02:30


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində “Əməyin mühafizəsi və əmək sferasının gələcəyi”  devizi altında yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə Birliyin baş direktorunun Satış və istismar üzrə müavini Ruslan Əliyev açmış, 28 Aprel -Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixi və məqsədləri barədə geniş məlumat vermişdir.

Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev əməyin mühafizəsi sahəsində görülən işlərdən danışmışdır. Demişdir ki, Birliyin müvafiq qurumları tərəfindən əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş mühitinin yaradılması, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi,  onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. İşçilər tibbi sığorta edilir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtaşırı  iş yerlərinin attestasiyası aparılır, ağır və zərərli əmək şəraitində işləyənlər işəgötürənin vəsaiti hesabına, dövri olaraq, tibbi müayinədən keçirilir. Birlik işçilərinə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə xüsusi geyim və fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normaları”na əsasən, xüsusi geyim və fərdi mühafizə vasitələri verilir. İşçilər işə başlamazdan əvvəl təlimatlandırılırlar.

Tədbirdə çıxış edən Birliyin həmkarlar ittifaqının sədri Ədalət Qurbanov  bildirmişdir ki, əmək sferasının gələcəyi daha çox istehsalatda təhlükəsiz iş şəraiti yaratmaqdan asılıdır. Yaxşı iş şəraiti, məhsuldar əmək, sağlam iş qüvvəsi deməkdir. Buna nail olmaq üçün işəgötürənlərin, eləcə də işçilərin maarifləndirilməsi və stimullaşdırılması çox vacibdir. Bu istiqamətdə həmkarlar ittifaqı ardıcıl tədbirlər həyata keçirir.