İşçilərin maraqları ön plandadır


Baxıldı : 47

Tarix : 2019-11-29 18:55:48


“Ölkə başçısı cənab İlham Əliyev    noyabrın 19-da Bakı Dəmiryolu Vağzalında bir qrup dəmiryolçu ilə görüşərkən dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görüldüyünü, Davos Dünya İqtisadi Forumunda Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdə, dəmir yollarının keyfiyyətinə görə isə 34-cü yerdə olduğunu, eləcə də dəmir yollarının abadlaşdırılması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində böyük irəliləyişlərin olduğunu demişdi. Cənab Prezidentin söylədiyi bu ifadələr hər bir dəmiryolçunun qəlbində iftixar hissi doğurdu, daha yaxşı işləmələrinə dəyərli stimul oldu”.

 

Bu sözlər Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin noyabrın 27-də keçirilmiş plenumunda səsləndi. Plenumda giriş sözü söyləyən Respublika Komitəsinin sədri Fəzail Bağırov təşkilatın son iki ildə qarşısında duran vəzifələrə və onların həlli istiqamətində atılan addımlara diqqət çəkdi. Xüsusilə tərəfdaşları ilə, işçilərin maraqları üzərində qurulan, əlaqələrdən danışdı. Plenum üzvlərinə bəzi tövsiyələrini də verdi. Dedi ki, işəgötürən tərəfindən işçilərin işdən azad edilməsi barədə müraciətləri diqqətlə araşdırılmalı, maksimum dərəcədə işçilərin maraqları nəzərə alınmalıdır. Digər bir tövsiyəsi ondan ibarət oldu ki, lokomotiv briqadalarının ay ərzində nəzərdə tutulduğu limitdən artıq işləməsi hallarına yol verilməsin. Belə hallar vaxtında aşkara çıxarılıb qarşısı alınmalıdır.

Sonra Qapalı Səhmdar Cəmiyyətin rəhbərliyi ilə Respublika Komitəsi arasında 2017-2019-cu illər üçün bağlanmış kollektiv sazişin yerinə yetirilməsi mövzusunda məruzə dinlənildi. Məruzədə deyildi ki, Sazişin 9.3-cü bəndinə əsasən, verilən müavinətlərdən əlavə olaraq, öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilən işçilərə tarif (vəzifə) maaşlarının 5 misli məbləğində birdəfəlik müavinətlər verilmişdir. Pensiya yaşına çatan işçilərə pensiya yaşına çatdığı tarixdən, habelə əlillik dərəcəsi təyin edilmiş işçilərə əlillik dərəcəsinin təyin olunduğu tarixdən 15 iş günü müddətində tarif (vəzifə) maaşlarının 5 misli məbləğində birdəfəlik müavinətlər ödənilmişdir.

Cəmiyyətdə işçilərin iş və istirahət vaxtı Əmək Məcəlləsinin və kollektiv sazişin müddəalarına uyğun olaraq tənzimlənir.

Kollektiv sazişin müvafiq bəndlərinə əsasən, işəgötürən tərəfindən işçinin yaxın qohumları vəfat etdikdə ona 3 gün müddətində, yeni dərs ilinin başlanması ilə əlaqədar uşağı birinci sinifə gedən işçiyə 1 gün müddətində, zərərli və ağır işlərdə çalışanlara əlavə məzuniyyətdən savayı 5 təqvim günü ödənişli məzuniyyət verilir.

Üç yaşından 16 yaşınadək uşağı olan anaların öz razılığı olmadan gecə işlərinə, iş vaxtından artıq işlərə, bayram və qeyri-iş günlərində işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yol verilmir. Hamilə, 16 yaşına çatmamış uşağı olan və ya ailənin xəstə üzvünə qulluq edən qadının xahişi ilə tibbi rəy əsasında onun üçün natamam iş günü və ya iş həftəsi müəyyən edilir.

Gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşən növbəli işlərdə çalışan işçilər, saatlıq tarif (vəzifə) maaşının 40 faizi məbləğində əlavə haqq alırlar.

Bütün işçilər, iş stajına müvafiq olaraq, aylıq tarif (vəzifə) maaşlarının 5-20 faizi həcmində mükafatlandırılırlar.

Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərərçəkmiş 8 nəfər işçiyə işlədiyi yerdən ildə bir dəfə 400 manat miqdarında pul kompensasiyası ödənilir.

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan dəmiryolçuların mənzillə təminatı vahid siyahı üzrə növbə əsasında həyata keçirilir.

Məruzədə deyildi, Respublika Komitəsinə ötən il 1246 ərizə daxil olmuşdur. Onların hamısı ciddi araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.

2017-2019-cu illərdə dəmiryolçulara və onların ailə üzvlərinə sanatoriyalara və istirahət evlərinə 844 yollayış vərəqələri verilmişdir. Maddi vəziyyəti ağır olan 73 dəmiryolçu yollayışları pul ödəmədən almışdır.

Respublika Komitəsinin maliyyə vəsaiti hesabına və Cəmiyyət rəhbərliyinin maliyyə köməyi ilə “Lokomotiv” İstirahət Mərkəzində tikinti işlərinin son mərhələsi başa çatdırılmaqdadır. Ötən 3 ildə yay mövsümlərində bu istirahət mərkəzinə təşkil olunmuş 27 gedişdə 576 dəmiryolçu ailəsinin 2203 nəfər üzvü istirahət etmişdir.

Hər il Respublika Komitəsinin müvafiq qərarına uyğun olaraq, 13 Oktyabr - Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim edilir.

Məruzə ətrafında çıxışlarda qeyd olundu ki, istər Cəmiyyət rəhbərliyi, istərsə də Respublika Komitəsi tərəfindən ötən dövr üçün imzalanmış kollektiv sazişin öhdəlikləri tam yerinə yetirilmişdir. Plenum kollektiv sazişin icrasını qənaətbəxş hesab etdi.

Qərar layihəsinin müzakirəsi zamanı təklif olundu ki, ona “uzun müddət dəmiryolu sistemində çalışmış, fəxri dəmiryolçu döş nişanına layiq görülmüş veteranlar da sahə tibb ocaqlarının xidmətindən pulsuz istifadə etmək hüququna malik olsun” cümlələri əlavə olunsun. Bu təklif yekdilliklə bəyənildi.

Sonra təşkilati məsələyə baxıldı. Samir Böyükzadə Respublika Komitəsinin sədr müavini- təşkilat şöbəsinin müdiri vəzifəsinə təsdiq olundu.

Tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov çıxış etdi. Plenum üzvlərinə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırdı. Dedi ki, sizin fəaliyyətiniz Konfederasiya rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. İqtisadiyyatımızın mühüm sahəsi olan dəmiryolu işçilərinin əmək, sosial hüquqlarının qorunması, istirahətinin təşkili işində səylərinizi əsirgəməmisiniz.

Aqil müəllim plenum üzvlərinə növbəti dövrdə də uğurlar arzuladı.