İşçilərin müraciətləri cavablandırılmır


Baxıldı : 250

Tarix : 2017-12-27 19:03:57


Çinin Şengen vilayətində yerləşən Amerikaya məxsus "Sanmina" optik texnologiya fabrikinin 2 minə yaxın işçisi tətil elan edib. Buna səbəb şirkətin başqa bir əyalətə köçürülməsi zamanı burada çalışanlara sığorta ödənişinin verilməməsidir. Belə ki, hələ oktyabr ayından fabrikin köçürüləcəyi ilə bağlı xəbərlər yayılsa da,  rəhbərlik  ödənişlərlə bağlı əməkdaşların müraciətlərini müsbət cavablandırmayıb.  Tətil zamanı bildirilib ki, nəzərdə tutulan ödənişlər edilmədən fabrikdən bir dəzgah belə çıxarılmasına izin verilməyəcək.

Çin Əmək Qanunvericiliyinin 26 və 40-cı maddələrinə əsasən, işəgötürən sahibi olduğu müəssisənin işçilərinə hər hansı  bağlanma ( iflas etmə) və yaxud köçürülmə zamanı daha öncədən xəbər verməli, təzminat paketini həmkarlar ittifaqı təşkilatı, yaxud işçi birlikləri ilə danışıqlar masasında razılaşdırmalıdır.

"Sanmina" şirkəti isə tətil elan edən işçilərə aksiya zamanı zədələnəcək dəzgahlara görə ağır cəzaların veriləcəyini açıqlayıb. Şirkətdən həmçinin bildirilib ki, beynəlxalq sifarişlər hələ tam yerinə yetirilməyib və yaxın iki ayda da fabrik buradakı fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu tətil son 2 ayda baş verən aksiyalardan, sadəcə, biridir. Noyabrın 1-dən bu yana 30-a yaxın fərqli formada işçi etirazı qeydə alınıb. 60 min əməkdaşın çalışdığı beynəlxalq şirkət telekommunikasiya, tibb, hərbi və digər sənayelər üzrə texnoloji avadanlıqların və ehtiyat hissələrin istehsalı ilə məşğuldur.