İşçilərin stajı nəzərə alınacaq


Baxıldı : 106

Tarix : 2017-06-02 21:58:23


Bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul olunub.  Hazırkı qanunvericiliyə görə, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməli idi. Yeni layihəyə görə isə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.

Bəs ixtisara salınan işçilərdə stajın nəzərə alınmasının üstünlükləri nədədir?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov  qəzetimizə müsahibəsində bildirdi ki, bu qanunun hazırlanmasında dünya təcrübəsindən istifadə olunub:" Layihəyə görə, işçinin 1 ilədək əmək staji olduqda ona xəbərdarlıq müqavilə ləğv edilməzdən 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, 1 ildən 10 ilədək işləyibsə 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda isə 9 təqvim həftəsi əvvəl edilməlidir.

 Burada beynəlxalq təcrübələrə əsaslanaraq iş təcrübəsi çox olan işçi ilə yeni işə başlamış işçiyə fərq qoyulur.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə dedi ki, bu layihənin qəbulu  işçilərin ziyanına olan bir dəyişiklikdir. Təbii ki, mən bunu alqışlaya bilmərəm: " Hazırkı qanunvericiliyə əsasən, əmək müqaviləsi ləğv edilərkən işçilərə orta əməkhaqqından az olmamaqla işdənçıxarma müavinəti verilirdi və işçiyə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilirdi. Yeni layihəyə görə isə, bu müavinətlər ödənilərkən işçinin stajı nəzərə alınacaq.

Son bir neçə ildə bu sahə ilə bağlı nə qədər reform aparılıbsa, qeyri-formal əmək bazarının hüdudları məhdudlaşdırılmayıb. Məsələn, əmək müqavilələrinin elektron qeydiyyat sistemi olmamışdan əvvəl onların sayı daha çox idi, nəinki indi. Vətəndaş cəmiyyətləri ilə, bu sahənin  ekspertləri ilə məsləhətləşmədən belə layihələr hazırlanır, sonda nəticəsiz dəyişikliklərə səbəb olur.

Bir çox halda müəssisələr bu xərcləri qarşılamamaq üçün işçiləri ixtisara salmır. Başqa adlar fikirləşir, məsələn, kontrakt müddətinin bitməsi kimi bəhanələr gətirirdilər. Bunların qarşısının alınması üçün yeni dəyişikliyin, ümid edirəm ki, xeyri olar. Belə ki, yeni dəyişikliyə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətdə bağlanacaq".

Əsli ƏHMƏDOVA